"BMT Azərbaycanda insanların hüquqlarına hörmətlə yanaşıldığı qənaətinə gələcək" - Aydın Mirzəzadə

 17:57 09.10.2023     468

Xəbər verdiyimiz kimiBirləşmiş Millətlər Təşkilatı (BMT) missiyası növbəti dəfə Qarabağa səfər edib. Missiya üzvləri bu gün Ağdamdan Əsgəran-Xankəndi istiqamətində hərəkət edib.

BMT missiyasının Qarabağa növbəti səfəri haqqında Redaktor.az-a danışan Milli Məclisin deputatı Aydın Mirzəzadə söylədi ki,  Azərbaycanın dünyadan gizlədəcəyi heç nə yoxdur:

"Azərbaycan həm ölkə daxilində, həm beynəlxalq birlikdə bütün fəaliyyətini beynəlxalq hüquq normalarına, Konstitusiyasına uyğun edir, vətəndaşların hüquq və azadlıqlarını qoruyur, hamının qanun qarşısında bərabərliyinə, dövlət tərəfindən eyni qayğı görməsinə şərait yaradır. Heç də təsadüfi deyil ki, BMT bizə missiya göndərmək barədə müraciət edərkən qısa bir zamanda buna şərait yaradıldı.

İlk missiyanın nəticəsi Azərbaycanın Qarabağ hissəsindən köçən ermənilərin köçünə hər hansı bir problem yaradılmadığı, onların hüquqlarının pozulmadığı, onlara insani münasibət göstərilməsi barəsində hesabat oldu. Hazırda da öz fəaliyyətini apara bilər və bundan sonra da həm BMT, həm digər beynəlxalq təşkilatların Azərbaycan daxilində hər hansı bir yoxlayıcı səfərlərinə problem yaradıla bilməz. Növbəti dəfə BMT Azərbaycanda insanların hüquqlarına hörmətlə yanaşıldığı qənaətinə gələcəkdir".

Qeyd edək ki, BMT missiyası bundan öncə oktyabrın 1-də Qarabağda olub. Missiyanın məqsədi vəziyyətlə yerində tanış olmaq və sakinlərin humanitar ehtiyaclarını müəyyən etməkdir.

Humay İSGƏNDƏRLİ