Uzunmüddətli bir müharibə olacaq, sonda İrana keçəcək - AÇIQLAMA

 13:11 10.10.2023     1123

Xəbər verdiyimiz kimi, oktyabrın 7-dən HƏMAS-la İsrail arasında toqquşma başlayıb. İsrail Dövləti HƏMAS-ın hücumlarına qarşı "müharibə hazırlığı vəziyyəti" elan edib və cavab olaraq "Dəmir Qılınclar" əməliyyatına başlayıb.

Dünən isə İsrail ilə Livan arasında da hərbi toqquşma başlayıb. Məlumata görə, İsrail helikopterləri Livanda əməliyyat keçirir.

Maraqlıdır, bu müharibə miqyasını genişləndirə bilərmi?

Məsələ ilə bağlı Redaktor.az-a danışan politoloq Tural Əliyev bildirdi ki, ilk növbədə coğrafi olaraq Yaxın Şərqdə İsrail və Fələstin dövləti yaradıldıqdan sonra heç vaxt sakitlik olmayıb.

Onun sözlərinə görə, sadəcə olaraq müəyyən dövrlərdə nisbətən sakitlik olub:

"Amma belə götürəndə hələ də gərginlik var və gərginlik də yaşanmaqdadır. Nəyə görə? Çünki problemli ərazidir, əsasən də Qəzza sektorunda. Bilirik ki, Qəzzanın strateji əhəmiyyəti var. Strateji əhəmiyyətdən biri birbaşa dənizə çıxmağı və orada hələ də yaşayan fələstinlilərin hüququnun bəlli olmaması, dövlətçiliyin qurulmamasıdır. Bilirik ki, HƏMAS təşkilatı bir çox dövlət tərəfindən terrorçu təşkilat kimi tanınıb. Livanda isə Hizbullah adında şiə təriqətinə mənsub təşkilat var ki, bunların hər ikisi İrana bağlı təşkilatlardır. Hər ikisi də İran tərəfindən maliyyələşir. HƏMAS bu hücumlara başlayanda Hizbullah tərəfindən belə bir iddia səsləndi ki, İsrail yerüstü əməliyyatlara başlasa, biz də münaqişəyə qoşulacağıq. İsrail baş nazirinin də dediyini nəzərə alsaq ki, "bu, nə eskalasiyadır, nə əməliyyatdır, bu, müharibədir", bu, o deməkdir ki, uzunmüddətli bir müharibə olacaq. Artıq Livanın cənubunda İsrailin kəşfiyyat donları uçur və bu da o deməkdir ki, bu Hizbullahla növbəti əməliyyatlara gətirib çıxaracaq".

Politoloq onu da qeyd etdi ki, əgər bu əməliyyatlar Livan ərazisində genişlənsə, Suriya ərazisinə, ondan sonra İraq və sonda da İrana keçəcək:

"Belə böyük bir coğrafiyanı, Yaxın və Orta Şərqi əhatə edəcək. İndi bir çox israilli həm rəsmilər, həm ekspertləri qeyd edirlər ki, bu, artıq ölüm-dirim savaşıdır, çünki ya İsraili məhv edəcək, ya da İsrail ayağa durub bütün bunların qarşısını alacaq. Qarşısını almaq da nədir? Yəni İsrailə təhdid yarada biləcək bu təşkilatlar, İran tərəfindən maliyyələşən təşkilatların varlığına son qoyulduqca bunlar necə olacaq? Bir üzü gəlib İrana toxunacaq. Çünki İran ona görə bunları edirdi ki, sərhədindən kənarda bütün bu prosesin qarşısını alsın və İsraili bu şəkildə ram edə bilsin. İndi artıq bir çox bəyanatlar səsləndirilir ki, bunun arxasında İran dayanıb. Düzdür, hələ ki, İsrail tərəfindən səslənir. Qərb tərəfindən birmənalı eyhamlar var. Amma tam şəkildə bəyanat yoxdur. Düşünürəm ki, bu, elə gələcəkdə İrana qarşı hansısa bir hərəkətliliyə gətirib çıxaracaq".

Həmidə İBRAHİMLİ