Zəngəzur dəhlizinin açılması ilə Azərbaycan bu ölkələr üçün xüsusi rol oynayacaq - Konfliktoloq

 16:27 10.10.2023     561

Xəbər verdiyimiz kimi, Zəngəzur dəhlizinin Azərbaycan hissəsi 2024- ildən fəaliyyətə başlayacaq.

Ötən həftə də Şərqi Zəngəzur dəhlizi adlandırılan, Araz çayının sol sahili boyu uzanıb Azərbaycanı Naxçıvanla birləşdirən nəqliyyat kommunikasiyalarının həyata keçirilməsi üçün Zəngilanda ilk təməlqoyma mərasimi keçirilib. İranın yollar və şəhərsalma naziri Mehrdad Bazrpaşın və Azərbaycanın Baş nazirinin müavini Şahin Mustafayevin iştirak etdiyi mərasimdə Horadiz-Ağbənd dəmir yolunu və çoxzolaqlı avtomobil yolunu İrana birləşdirmək üçün Araz çayı üzərindən salınacaq yeni dəmir yol və avtomobil yolu körpüsünün təməli qoyulub.

Hazırda isə Azərbaycan Ermənistan ərazisindən keçəcək Zəngəzur dəhlizinin açılmasına çalışır. 

Bəs, Zəngəzur dəhlizi açılarsa, bu, Azərbaycanın dünya birliyinə inteqrasiyasına, region ölkələri və digər dövlətlərlə əlaqələrinə necə təsir edəcək?

Məsələ ilə bağlı Redaktor.az-a danışan Bakı Dövlət Universitetinin dosenti, konfliktoloq Kərəm Məmmədov söylədi ki, müharibə başa çatandan dərhal sonra Azərbaycan hökuməti yolların açılması ilə bağlı bütün tikinti işlərini tam sürətlə həyata keçirir:

"İndi sadəcə olaraq Ermənistan 10 noyabr razılaşmasından irəli gələn öhdəlikləri yerinə yetirmir. Amma onunla bərabər Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, cənab prezidentimiz İlham Əliyev də dedi ki, Ermənistan razılıq verməsə, onda İran ərazisindən keçəcək və dəhliz reallaşacaq".

Onun sözlərinə görə, Azərbaycanın həm Avropaya, həm dünyaya inteqrasiyası ilə bağlı elə bir problemi yoxdur.

"Zəngəzur dəhlizinin açılması iqtisadi cəhətdən çox böyük səmərə verəcək bir layihədir. Çindən üzü bəri - Orta Asiya və Mərkəzi Asiya respublikaları, yəni bütün türk dünyasının inteqrasiyasında xüsusi əhəmiyyət kəsb edəcək bir layihədir. Azərbaycanın dünyaya inteqrasiyasında heç bir problem yoxdur. Hər şey göz qabağındadır və Azərbaycan dünya inteqrasiya proseslərində çox fəal şəkildə iştirak edib. Bütün Avropaya, dünyanın hər tərəfinə inteqrasiya etmişik. Sadəcə olaraq orada bir məsələ var ki, Mərkəzi Asiya ölkələrinin Avropa dövlətlərinə inteqrasiyasında daha böyük səmərə veririk. Biz müstəqillik elan ediləndən sonra bütün beynəlxalq təşkilatlarla da, bütün beynəlxalq dövlətlərlə də normal münasibətlər qurmuşuq. Amma türkdilli dövlətlərin bu prosesə qoşulması baxımından Zəngəzur dəhlizi artıq ikiqat əhəmiyyət kəsb edəcək. Türkdilli dövlətlərin beynəlxalq inteqrasiyaya qoşulmasında Azərbaycan xüsusi rol oynamış olacaq", - deyə K.Məmmədov vurğuladı.

Humay İSGƏNDƏRLİ

Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi” mövzusunda dərc olunub.

2