Paşinyan sülh müqaviləsini buna görə imzalamaqdan qorxur - Diplomatdan AÇIQLAMA

 16:50 10.10.2023     468

Məlum olduğu kimi, Ermənistanın Baş naziri Nikol Paşinyan Qranadada (İspaniya) keçirilən Avropa Siyasi Birliyinin sammiti çərçivəsində Aİ, Almaniya və Fransa ilə görüşdə bəyannamə imzalayıb.

Paşinyan Azərbaycanın ərazisinin 86,6 min kvadratkilometr olduğunu bəyan edib. Lakin buna baxmayaraq, Paşinyan hələ də sülh müqaviləsini imzalamaqdan boyun qaçırır. 

Maraqlıdır, sülh müqaviləsinin imzalanmasına təsir edən amillər hansılardır?

Məsələ ilə bağlı Redaktor.az-a danışan politoloq, diplomat Fikrət Sadıxov bildirdi ki, buna təsir edən amillərdən biri bizim gücümüzdür, iradəmizdir və bizim yanımızda olan Türkiyə faktorudur.

Onun sözlərinə görə, bu, əslində heç kəsə sirr də deyil:

"Onu da demək istəyirəm ki, artıq biz yeni bir meydança da təklif elədik: Tiflis meydançası. Dövlət başçımız elan etdi ki, Tiflisdə üçtərəfli görüş baş tuta bilər və bu da bizim maraqlarımıza cavab verən bir məsələ ola bilərdi. Çünki burada bir sıra sazişin konturları cızıla bilərdi. Əgər həqiqətən Ermənistan istəyir ki, sülh yaransın, gərək bütün maneləri qırağa qoysun, problemlər törətməsin və onda bu regionda sülh yaranacaq. Ermənistan üçün də rahat, normal şərait yaranacaq. Çünki orada Zəngəzur dəhlizinin açılması ilə bağlı müxtəlif əngəllər törədir. İstəmirlər, qorxurlar, çəkinirlər. Orada müxalifət ona qarşı çıxış edir. Onların, Paşinyanın indi əsas qorxusu Ermənistan müxalifətidir. Müxalifət ona qarşı çox ciddi şəkildə çıxış edir və bu da görünür, onu qorxudur, çünki hakimiyyəti əldən itirmək məsələsi var".

Həmidə İBRAHİMLİ