Milli Məclisin sədri Rumıniya Parlamentinin Deputatlar Palatasının sədri ilə görüşdü - FOTO

 17:15 10.10.2023     302

Milli Məclisin sədri Sahibə Qafarova Rumıniyaya rəsmi səfəri çərçivəsində oktyabrın 10-da bu ölkənin Parlamentinin Deputatlar Palatasının sədri Alfred-Robert Simonis ilə görüşüb.

Bu barədə Redaktor.az-a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən xəbər verilib.

Alfred-Robert Simonis iki ölkənin parlamentləri arasında əlaqələrin inkişafı, bu sahədə dostluq qruplarının rolu, həmçinin Rumıniya ilə Azərbaycan arasında enerji sahəsində həyata keçirilən birgə layihələrin Avropanın enerji təhlükəsizliyinə töhfəsi barədə fikirlərini bölüşüb. O, Rumıniya üçün çətin vaxtlarda Azərbaycanın göstərdiyi yardıma görə Prezident İlham Əliyevə minnətdarlığını bildirib.

Sahibə Qafarova bu səfərin onun Milli Məclisin sədri kimi Rumıniyaya ilk rəsmi səfəri olduğunu, bu səfərin ölkələrimiz arasında əlaqələrin daha da möhkəmlənməsinə və genişlənməsinə töhfə verəcəyinə inamını bildirib.

Görüşdə vurğulanıb ki, Rumıniya dünyada ikinci və Avropa İttifaqı ölkələri arasında Azərbaycan Respublikasının müstəqilliyini tanıyan birinci ölkədir. Qeyd edilib ki, bu ildən Azərbaycan qazının Rumıniyaya ixracına başlanılıb və növbəti illərdə bu əməkdaşlıq daha da möhkəmlənəcək. Həmçinin, ölkələrimiz arasında bərpa olunan enerji sahəsində də əməkdaşlıq üçün yeni perspektivlər yaranıb.

Sahibə Qafarova xatırladıb ki, bu ilin mayında Milli Məclisin Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş xüsusi iclasında Rumıniya Parlamentinin Deputatlar Palatasının vitse-prezidenti Vasile Daniel Suçiu də iştirak edib.

Həmçinin qeyd edilib ki, parlamentlərimiz arasında beynəlxalq parlament təşkilatları çərçivəsində sıx əməkdaşlığı daha da inkişaf etdirmək lazımdır. Bu beynəlxalq parlament institutlarında nümayəndə heyətlərimiz arasında birbaşa məsləhətləşmə mexanizminin yaradılması mümkündür. Bu təşkilatlar daxilində yaranan müxtəlif məsələlərdə mövqelərin və əməkdaşlığın əlaqələndirilməsi çox faydalı olar.

Görüşdə spiker Sahibə Qafarova bölgədə mövcud vəziyyət barədə qarşı tərəfə geniş məlumat verib. Diqqətə çatdırıb ki, Azərbaycanın Qarabağ bölgəsində Ermənistanın 10 minlik silahlı qüvvələri, qanunsuz marionet rejiminin mövcudluğu və davamlı hərbi təxribatlar ölkəmizi lokal antiterror tədbirləri görməyə məcbur edib. Bu tədbirlər yalnız qeyri-qanuni hərbi birləşmələri və hərbi infrastrukturu hədəfə alıb və mülki əhaliyə və obyektlərə heç vaxt hücum edilməyib. Terrorla mübarizə tədbirlərinin 24 saatdan az müddətdə öz məqsədlərinə çatdığını, separatçı rejimin qanunsuz strukturlarının dağıdıldığını və Azərbaycanın öz suverenliyini bərpa etdiyini bildirən Sahibə Qafarova qeyd edib ki, artıq Qarabağ bölgəsinin etnik ermənilərinin reinteqrasiya prosesinin həyata keçirilməsinə başlanılıb. Heç kim etnik erməni sakinləri Qarabağı tərk etməyə məcbur etməyib. Bununla bağlı bir dənə də olsun fakt yoxdur. Gedənlər bunu öz seçimləri ilə ediblər və Azərbaycan onların hərəkətinin təhlükəsizliyini təmin edib. M

Deputatlar Palatasının sədri Alfred-Robert Simonis deyib ki, indi müşahidə olunan vəziyyətə baxmayaraq, zaman kimin haqlı olduğunu göstərəcək. O, ölkəsinin Azərbaycanın ərazi bütövlüyünü hər zaman dəstəklədiyin bildirib. Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da müzakirələr aparılıb.

22222