Fransa hərbçiləri Ermənistana niyə gəlib? - Polkovnikdən AÇIQLAMA

 13:19 11.10.2023     426

Xəbər verdiyimiz kimi, Fansa hərbçiləri Ermənistana gəlib.

Məlumata görə, Fransa 56 nəfərlik mülki təhlükəsizlik qüvvələri ilə bərabər 2 “Dash” təyyarəsi, 1 mobil idarəetmə stansiyası, 2 ton avadanlıq və 2 xilasedici it srağagün İrəvana gətirib.

Rəsmi məlumatda qeyd olunur ki, Fransa hərbçiləri Ermənistan və Avropa İttifaqının xilasediciləri ilə birlikdə “HOPE 2023” təlimində iştirak edəcəklər. Bundan başqa Kipr və Monteneqronun axtarış-xilasetmə qrupları da Ermənstandadır. Fransa hərbi heyəti “mülki təhlükəsizlik” təlimlərində iştirak etmək üçün Ermənistana gəlsə də, bu, rəsmi Parisin İrəvanla hərbi əməkdaşlığı fonunda diqqət çəkir. 

Məsələ ilə bağlı Redaktor.az-a danışan hərbi ekspert, polkovnik Üzeyir Cəfərov qeyd etdi ki, bu, ikitərəfli Ermənistan-Fransa münasibətləri çərçivəsində həyata keçirilib.

Onun sözlərinə görə, sözsüz ki, bu, Fransa tərəfindən heç də xoş addım deyil.

"Amma bunun bizə birbaşa hər hansı bir təhlükəsi və yaxud da ki, narahatçılığı ola bilməz. Və Azərbaycan bu məsələni nəzarətdə saxlayır. Düşünürəm ki, Azərbaycan qabaqlayıcı tədbir, yəni nə lazımdır, o işləri görür. Fransanın xarici işlər naziri Ketrin Kalonna İrəvanda olarkən belə bir fikir səsləndirmişdi ki, Ermənistanla Fransa arasında həm hərbi əlaqələr, hərbi yardımla bağlı müəyyən addımlar atılacaq. Amma düşünmürəm ki, Fransa o dərəcədə ağılsızdır ki, Azərbaycana qarşı Ermənistanın iştirakına hər hansı bir addım atsın. Olsa-olsa, Ermənistan ordusunun hazırlanması, təkmilləşdirilməsi prosesində iştirak edə bilərlər. Yəni mən məsələni bu şəkildə görürəm. Amma onların birbaşa məsələlərə müdaxilə edəcəyini düşünmürəm və görmürəm. Azərbaycan kifayət qədər həm qardaş Türkiyə, həm Pakistan, həm də digərləri ilə əlaqəli şəkildə fəaliyyət göstərir. Baxaq, proseslər yaxın vaxtlarda hansı istiqamətdə inkişaf edəcək. Yəqin ki, onu da görəcəyik", - deyə polkovnik fikrini yekunlaşdırdı.

Həmidə İBRAHİMLİ