"Başkənd məsələsinin həlli Ermənistanın məsələlərə düzgün yanaşmasından asılı olacaq" - Lətif Babayev

 15:02 11.10.2023     473

"Azərbaycanın özünəməxsus anklav ərazilərin qaytarılmasına görə hansısa şəkildə Ermənistanla bazarlığa getməsinə inanmıram".

Bunu Redaktor.az-a danışan siyasi analitik Lətif Babayev bildirdi.

Onun sözlərinə görə, bu gün Ermənistanın işğal altında saxladığı anklav ərazilər Azərbaycanın öz torpaqlarıdır:

"Həmin anklav ərazilər Ermənistan ordusu tərəfindən Birinci Qarabağ müharibəsi zamanı işğal edilib. Anklavlar Azərbaycanın Qazax rayonuna bitişik yeddi anklav kənd və Naxçıvan Muxtar Respublikasına aid bir (Kərki) kəndindən ibarətdir. Qeyd edək ki, Azərbaycana məxsus anklavların ümumi sahəsi 124 kvadrat kilometrdir ki, bu da Başkənd yaşayış məntəqəsinin ərazisindən azı üç dəfə böyükdür.

Ermənistan tərəfinin bu əraziləri Azərbaycana qaytarmaq fikrinə gəlməsi realdırsa, bu, çox düzgün yanaşma olardı. Həmin anklavların gec-tez Azərbaycana qaytarılması baş verməlidir və əminik ki, baş verəcək. Bunun qaytarılması Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin imzalanması üçün münbit şəraitin yaradılmasında xoşməramlı addım ola bilər. Bununla da Azərbaycanın təklif etdiyi sülh gündəliyi üçün yeganə maneə ola biləcək məsələ də aradan qalxardı. Bizim təkliflərə Ermənistanın müsbət cavab verməsi üçünsə heç bir maneə qalmayıb. Anklavların Azərbaycana qaytarılması sülh danışıqları zamanı baş tutmaycaqsa, həm sülhün əldə edilməsinə maneçilik törədəcək, həm də ümumən Cənubi Qafqaz bölgəsinə əmin-amanlığın gəlməsini, ümumi inkişafı ləngidəcək. Azərbaycanla Ermənistan arasında gələcəkdə delimitasiya prosesininin aparılması üçün də həmin ərazilərin Azərbaycanın nəzarətinə qaytarılması vacibdir".

Lətif Babayev onu da vurğuladı ki, Azərbaycan öz ərazilərini geri qaytarmaqda qərarlıdır.

"İndiyə qədər baş verənlər də sübut edir ki, biz bunu bacarırıq. Həm 2020-ci ilin 44 günlük Vətən müharibəsində zəfər çalaraq öz ərazilərimizi işğaldan azad etmişik, həm də bu ilin sentyabr ayının 19-20-də lokal antiterror tədbirləri ilə ərazimizdə mövcud olan qanunsuz silahlı birləşmələrin çıxarılmasına və Qarabağda əmin-amanlığın təmin olunmasına şərait yaratmış, bütün ərazilərimizdə dövlətimizin suverenliyini təmin etmişik. Şübhə yoxdur ki, anklavlarla bağlı məsələnin həlli də Azərbaycanın irəli sürdüyü tələblər çərçivəsində həll olunacaqdır. Bu, bizim qanuni ərazilərimizdir və həmin torpaqların Azərbaycana geri qaytarılmaması mümkün deyil", - deyə o, bildirdi.

Ermənistanın Azərbaycanın Gədəbəy rayonundakı anklav ərazisi olan Başkənd məsələsinə gəlincə, siyasi analitik hesab edir ki, onun həlli qarşı tərəfin anklavlar və digər məsələlərə düzgün yanaşmasından asılı olacaq:

"Onlar iddia edirlər ki, Laçınla Gorusun sərhədində hansısa ərazilər var və guya Azərbaycan Silahlı Qüvvələri orada müəyyən qədər irəliləyib. Başqa ərazilərdə də belə iddiaları var ki, guya biz onların torpaqlarına daxil olmuşuq. Belə iddialarla çıxış edirlər, bunların heç bir əsası yoxdur. Bütün bu iddialara son qoyulmalı, Ermənistan nəhayət konstruktiv yol tutmalıdır. Məsələlərin həlli məhz belə yanaşma tələb edir".

Humay İSGƏNDƏRLİ