Putin Bişkekə GETDİ - Əliyevlə görüşü gözlənilir

 11:41 12.10.2023     244

Rusiya prezidenti Vladimir Putin oktyabrın 13-də keçiriləcək MDB dövlət başçılarının sammitində iştirak etmək üçün Bişkekə rəsmi səfərə gəlib.

Redaktor.az xəbər verir ki, səfər zamanı Putin Qırğızıstan Prezidenti Sadır Japarovla danışıqlar aparacaq.

Bildirək ki, bu, Putinin son üç ildə xaricə ilk rəsmi səfəridir.

Ötən gün Rusiya prezidentinin köməkçisi Yuri Uşakov bildirmişdi ki, oktyabrın 12-də Putin Bişkekdə Azərbaycan prezidenti İlham Əliyevlə görüşəcək. Onlar Qarabağ ətrafındakı vəziyyəti müzakirə edəcəklər.

Sammitdə Birlik ölkələrinin liderləri təşkilat çərçivəsində cari ildə qarşılıqlı fəaliyyətin yekunlarını müzakirə edəcək, gələcək üçün əsas iş istiqamətlərini müəyyənləşdirəcək, aktual beynəlxalq və regional mövzular ətrafında fikir mübadiləsi aparacaqlar. Vladimir Putinin həmkarlarına Rusiyanın 2024-cü ildə MDB-də sədrliyinin prioritetləri barədə məlumat verəcəyi gözlənilir.

İclasın yekunları üzrə Birliyə üzv dövlətlər arasında iqtisadi, mədəni, humanitar və hüquq-mühafizə sahələrində əməkdaşlığın daha da inkişaf etdirilməsi məqsədi daşıyan sənədlər paketi imzalanacaq.