"Paşinyanın müəyyən addımları bizə də sərf edir" - Politoloqdan İLGİNC AÇIQLAMA

 13:00 12.10.2023     368

Dünən, Prezident İlham Əliyev MDB-yə üzv dövlətlərin təhlükəsizlik və xüsusi xidmət orqanları rəhbərləri şurasının 53-cü iclasının iştirakçılarını qəbul edərkən Ermənistanın Baş Nazirinin Bişkek dəvətindən imtinası məsələsinə toxunub. Ölkə başçısı deyib ki, Ermənistanın baş naziri 6 saat Qranadaya uçur, orada Azərbaycansız Azərbaycanın müzakirə olunduğu anlaşılmaz görüşdə iştirak edir, Bişkekə isə 2-3 saatlıq uça bilmir, vacib işləri var.

Eyni zamanda, Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov da Paşinyanın MDB-nin Bişkek sammitində iştirak etməməsinin səbəblərindən xəbərdar olduğunu deyib.

Uşakov Paşinyanın iştirak etməməsinin səbəbləri barədə yalnız bunu deyib:

“Biz səbəbini bilirik, amma yəqin ki, özü bunu necəsə izah edəcək”.

Maraqlıdır, Paşinyanın bu görüşdə iştirak etməməsinə səbəb nədir?

Məsələ ilə bağlı Redaktor.az-a danışan politoloq Samir Hümbətov bildirdi ki, son dövrlər Ermənistanın tutduğu siyasət daha çox Qərb yönümlüdür.

Onun sözlərinə görə, Paşinyanın son addımları həm də onu göstərir ki, onun komandası Rusiyadan uzaqlaşma xətti tutublar:

"Bu gün də atdıqları addımları ona görə koordinasiya edirlər. Hesab edirəm ki, bu gün Paşinyanın həm KTMT-dən nümayəndəsini geri çağırması və ora nümayəndə təyin etməməsi, eyni zamanda ötən ilin noyabr ayında İrəvanda keçirilən KTMT sammitində yekun sənədə qol çəkməməsi, KTMT-dən və Rusiyadan uzaqlaşmaq siyasəti tutması təsadüfi deyil. Ermənistan kimi dövlətlər çoxyönlü siyasət yürüdə bilmirlər. Ona görə ki, onların buna imkanı çatmır. Yəni biz, məsələn, Ermənistandan, Paşinyandan fərqli olaraq çoxvektorlu xarici siyasət apara bilirik. Maraqlarımızın təmin olunduğu nöqtədə Rusiya, İran, yeri gəldi Avropa, ABŞ, Çinlə də münasibətləri formalaşdıra bilirik. Amma Paşinyan kimi siyasətçisi olan dövlətlərdə bunu etmək mümkün deyil. Çünki onların siyasi mühitdən xəbəri yoxdur deyə, doğru istiqamət tuta bilmirlər".

Politoloqun fikirincə, Paşinyanın müəyyən addımları bizə də sərf edir:

"Məsələn, Rusiyanın vasitəsi ilə danışıqlardan çəkilməsi bizə müəyyən mənada sərf edir. Bu nəyə xidmət edir? Biz orda, təkcə Rusiyanın dominantlığıyla görüşlərdən söhbət aça bilmərik. Yəni artıq Avropanın bura cəlb olunması müəyyən mənada Rusiyanın Cənubi Qafqaz məsələsində dominantlığını arxa plana salır. Artıq burada vasitəçilər çoxalır və vasitəçilərin çoxalması əslində onun bu məsələnin həllinə müəyyən dövlətin dominantlığına imkan vermir. O baxımdan önəmlidir və mən hesab edirəm ki, bu hal bizə sərf edir.

Amma ikinci bir tərəfdən götürəndə Paşinyanın bu cür addım atması bəzi Avropa dövlətləri kimi, qeyri-konstruktiv mövqeyə gətirib çıxarır. Məsələn, Fransa bütün vasitələrdən istifadə edərək özünü bölgəyə soxmağa çalışır və bu, bizə bir problemdir. Özü də necə çalışır? Burada özünün maraqlarının təmin olunması nöqtəsində bunu edir.

O baxımdan düşünürəm ki, cənab Prezidentin söylədiyi fikirlərin arxasında məhz bu durur. Yəni ki, Ermənistan bilərəkdən və ya bilməyərəkdən xarici siyasəti zəif bilən bir siyasətçi ilə ancaq ora qədər gedə bilər. Paşinyanın addımları budur. Yəni istəsəydi,  Rusiya, Azərbaycan və Ermənistan liderləri bir yerdə oturub məsələni müzakirə edə bilərdi. Qafqazı əslində qafqazlılar daha yaxşı bilir. Paşinyan hətta Gürcüstan variantından da imtina elədi və hələ ki, bir cavab verməyib. Paşinyan demir ki, bölgədə artıq eskalasiya yoxdur. O zaman  Azərbaycan, Ermənistan və Gürcüstan prezidentlərinin liderləri birgə bu məsələni müzakirə edə bilərlər. O baxımdan, Cənab prezident onu demək istəyir ki, yəni Ermənistan istəsə də, istəməsə də Rusiyanı bölgə ilə bağlı gözardı edə bilməz. Məsələ bundan ibarətdir".

Həmidə İBRAHİMLİ