Deputatlarımız Latviyada görüşlər keçiriblər - FOTO

 13:00 13.10.2023     336

Xəbər verildiyi kimi, Milli Məclisin deputatları – Latviya ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Kamran Bayramov və Məlahət İbrahimqızı Riqa şəhərinə səfər ediblər.

Redaktor.az xəbər verir ki, səfər çərçivəsində deputatlar Latviya Seyminin sədr müavini Antonina Nenaşeva, Latviya Seyminin Azərbaycan Parlamenti ilə əməkdaşlığın təşviqi qrupunun sədri Oleqs Burovs və qrupun üzvləri, Seymin Xarici əlaqələr komitəsinin sədri Rihards Kols və milli təhlükəsizlik komitəsinin sədri Ainars Latkovskis ilə görüşlər keçiriblər.

Keçirilmiş görüşlərdə deputatlar Azərbaycan və Latviya arasında qarşılıqlı etimada əsaslanan strateji tərəfdaşlıq münasibətlərinin cari vəziyyəti və perspektivləri haqqında bəhs ediblər. Azərbaycan və Latviya arasında mövcud münasibətlərin 2017-ci ildə “Strateji Tərəfdaşlığın Yaradılması haqqında birgə Bəyannamə”nin imzalanması sənədin parlamentlər səviyyəsində əlaqələrin daha da genişləndirilməsinə təkan verdiyi qeyd olunub. Latviyanın daim ölkəmizin ərazi bütövlüyü və suverenliyinə dəstək verməsinin Azərbaycan tərəfindən yüksək qiymətləndirildiyi bildirilib.

Görüşlərdə həmçinin, çoxtərəfli platformalarda ölkələrimiz arasında qarşılıqlı dəstəyə əsaslanan əməkdaşlıqdan məmnunluq ifadə olunub.

Deputatlar tərəfindən latviyalı həmkarlarına bölgədəki son vəziyyət, ölkəmizin Ermənistanın hərbi-siyasi provokasiyalarına cavab olaraq həyata keçirdiyi antiterror tədbirləri, Azərbaycanın sülh təşəbbüsləri barədə ətraflı məlumat verilib. Qanunsuz erməni silahlı qüvvələrinin Azərbaycanın suveren ərazilərində fəaliyyətinə son qoyulmasının, Azərbaycan və Ermənistan arasında sülh prosesi və Qarabağ bölgəsində yaşayan erməni sakinlərinin reinteqrasiyası üçün imkanlar yaratdığı diqqətə çatdırılıb.

Səfər çərçivəsində deputatlar həmçinin, Latviya Respublikasının səhiyyə naziri Hosams Abu Mehri və kənd təsərrüfatı naziri Armands Krauze ilə görüşüb, tərəfləri maraqlandıran məsələlər barədə fikir mübadiləsi aparıblar.

İkitərəfli görüşlərdə Azərbaycan Respublikasının Latviyadakı fövqəladə və səlahiyyətli səfiri Elnur Sultanov iştirak edib.

222222