"Kimsə Rusiyanın regionda mövqeyinin zəiflədiyini deyirsə, yanlışlığa yol verir" - Fəzail Ağamalı

 14:09 13.10.2023     296

Xəbər verdiyimiz kimi, ötən gün Bişkekdə Azərbaycan Prezidenti İlham Əliyevin Rusiya lideri Vladimir Putin ilə görüşü baş tutdu.

Maraqlıdır, görüşün pərdəarxasında hansı məsələlər müzakirə oluna bilər?

Mövzu ilə bağlı Milli Məclisin Azərbaycan-Rusiya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Fəzail Ağamalı Redaktor.az-a danışdı.

O, öncə məlum görüşü ciddi qiymətləndirdiyini qeyd etdi:

"Kimsə Rusiyanın regionda mövqeyinin zəiflədiyini deyirsə və bu qənaətdədirsə, həmin şəxslər kifayət qədər yanlışlığa yol verir. Rusiya hələ də MDB məkanında, eyni zamanda bizim Cənubi Qafqazda da kifayət qədər imkanları var. Azərbaycanın Rusiya ilə münasibətlərinin bugünkü səviyyədə davam etməsi heç şübhəsiz ki, ölkə prezidenti cənab İlham Əliyevin həyata keçirmiş olduğu xarici siyasətin və dövlətlərarası münasibətlərin uğurlu nəticəsi kimi onun xidmətidir, əldə etmiş olduğu ciddi uğurdur. Rusiyanın 44 günlük Vətən müharibəsində neytral qalmasını, bu günə qədər Paşinyanın və bütün erməni cəmiyyətinin buna görə Rusiyanı və Putini ittiham etməsini nəzərə alsaq, burada ciddi məqamları qeyd etmək lazımdır. 44 günlük Vətən müharibəsindən sonrakı zaman kəsiyində, əlbəttə, Rusiya özünün maraqları çərçivəsində, strateji və geopolitik maraqları müstəvisində mövqeyini itirmədən, Azərbaycana qarşı çox ehtiyatlı siyasətini, neytral mövqeyini davam etdirdi. Və artıq Qarabağda suverenliyimiz təmin olundu, separatçı xunta rejimi çöküb, özünü buraxıb, Ermənistanın quldur dəstələrinin törtöküntüləri darmadağın edilib. Bugünkü verilən məlumata görə Rusiyanın sülhməramlı qüvvələrinin artıq 23 postu ləğv edilib. Bütün bu detallar və bundan sonrakı zaman kəsiyində Rusiya-Azərbaycan münasibətləri müzakirə oluna bilər. Hər halda bu görüşlər, müzakirələr, qarşılıqlı hörmət və qarşılıqlı anlaşma təbii ki, hər iki ölkənin dövlət maraqları nəzərə alınmaqla, ortaq nöqtələr tapılmaqla keçirilir. Bunlar isə cənab prezident İlham Əliyevin unikal siyasəti nəticəsində reallaşıb və bundan sonra bu xətt davam etdiriləcək".

Humay İSGƏNDƏRLİ