"Fransanın Azərbaycana qarşı addımları erməni lobbisinə xoş gəlsin deyə atılan addımlar deyil"

 15:51 13.10.2023     447

Fransanın Avropa və xarici işlər naziri Ketrin Kolonna Azərbaycanın Qarabağ bölgəsini heç bir güc tətbiq edilmədən, könüllü şəkildə tərk edən ermənilərin Ermənistanda yerləşməsinin guya Azərbaycan tərəfindən planlaşdırıldığı iddiasını səsləndirib.

Ümumiyyətlə, son aylarda Prezident Emmanuel Makron başqa olmaqla Fransa rəsmiləri dayanmadan Azərbaycan əleyhinə çıxışlarını, fəaliyyətlərini davam etdirirlər.

Bəs Fransa bu addımları niyə atır? Onun anti-Azərbaycan fəaliyyətinin arxasında hansı məqsədlər durur?

Məsələ ilə bağlı Redaktor.az-a danışan politoloq Yeganə Hacıyeva bildirdi ki, əslində Fransanın bu fikirləri səsləndirməsində təəccüblü heç nə yoxdur.

Onun sözlərinə görə, bu artıq bir neçə ildir Fransanın həyata keçirdiyi sistemli anti-Azərbaycan siyasətinin təzahürlərindən biridir:

"Burada Fransa öz addımlarını bir neçə istiqamət üzrə əsaslandırır. Yəni ən azından "Fransa bu addımları niyə atır" sualının arxasındakı cavablar bunlardır.

Məsələ ondadır ki, məhz Fransanın addımlarının birincisi, əlbəttə, Fransa daxili erməni lobbisinin Fransa hakimiyyətinə təsiri, ikinci Fransa Xarici İşlər Nazirliyində güclü erməni lobbisinin olması, Fransanın xarici siyasətinin müəyyənləşdirilməsində açar adamların erməni lobbisi ilə sıx əməkdaşlığıdır. Amma bu bir daxili məsələdir. Yəni bir neçə səbəbləri var ki, onlardan biri daxili faktordur. İkinci səbəb, əlbəttə, Fransanın Cənubi Qafqazda regional maraqlarıdır. Fransa nəyəsə görə hesab edir ki, Ermənistanı dəstəkləməklə mövcud, nizamın pozulmasında təşəbbüskar olmaqla, yəni yeni reallıqlar adlandırdığımız bu reallıqları pozmaqla özünün maraqlarını təşviq edə bilər. Və Cənubi Qafqazda uzunmüddətli genişlənmək üçün də istiqamət olaraq ənənəvi tərəfdaşı Ermənistanı seçib. Burada bir neçə başqa məqamlar da var. Onlardan biri Cənubi Qafqaz maraqlarını Fransa həm də Avropa Birliyindən separat həyata keçirir. Hesab edir ki, Cənubi Qafqazda mövcud həssas vəziyyətdə hər hansı bir nüfuz əldə etməklə, bir mövqe möhkəmləndirməklə Fransa Avropa Birliyini özündən asılı edə biləcək. Çünki bu proseslərin alternativ tərəfində həm də Avropa Birliyi, Brüssel formatı deyilən bir mexanizm var. Brüssel formatı ayrı Şarl Mişelin vasitəçiliyi ilə həyata keçirildiyi halda, Avropa Birliyinin digər ölkələri  - Almaniya və Fransa separat danışıqlara cəlb olunma cəhdləri aparırlar. Üçüncü məqam, əlbəttə, Fransanın xarici siyasətindəki son uğursuzluqların kompensasiya olunması cəhdidir. Məsələ ondadır ki, Fransa Yaxın Şərq və Afrika siyasətində böhranla üz-üzədir. Faktiki olaraq Afrikanın üçüncü sinif ölkələri belə Fransanın bu ölkədən çıxarılmasıyla bağlı təşəbbüslər irəli sürür və bu təşəbbüsləri də uğurla həyata keçirlər". 

Politoloq onu da qeyd etdi ki, Fransanın Azərbaycanla münasibətlərin birmənalı olaraq korlanmasına yönəlik sistemli addımları məqsədli addımlarıdır.

"Təsadüfən və yaxud erməni lobbisinə xoş gəlsin deyə atılan addımlar deyil. Bu addımlar əslində son 30 ildə atılan addımların sadəcə nümayiş olunmasıdır. Məsələn, ATƏT-in Minsk qrupu çərçivəsində bütün təşəbbüsləri bloklayan Fransa məhz BMT Təhlükəsizlik Şurasının qətnamələrinin həyata keçirilməsinə, mövcud mexanizmlərin işlənməsində də dirənişlər göstərmişdi. Faktiki olaraq qətnamələrin həyata keçirilməsi 30 ilə yaxın çöldə qalmışdı. Burada da Fransanın "böyük rolu" var idi.

İndi də Fransa hesab edir ki, mövcud reallıqlarda milli maraqları üzərindən narahatlığını nəzərə alaraq Azərbaycan müəyyən güzəştlərə gedə bilər və bu, əslində çox sadəlövh yanaşmadı", - deyə Yeganə Hacıyeva bildirdi.

Həmidə İBRAHİMLİ