"Fransanın bu hərəkətləri ermənilərin Cənubi Qafqazdan rədd olub getməsinə səbəb olacaq"

 16:42 13.10.2023     386

"Fransa təkcə bu gün Ermənistanın yanında deyil, 100-150 il bundan qabaq da Ermənistanın yanında olubdur".

Bu sözləri Fransanın Azərbaycana qarşı bitməyən iddiaları və hər zaman erməniçilik rolları ilə bağlı Redaktor.az-a danışan Milli Məclisin deputatı Elman Məmmədov dedi.

O söylədi ki, Birinci Dünya müharibəsində Osmanlıya qarşı müharibə elan etmiş Fransa dövlətinin qoşunlarının tərkibində 30 mindən çox erməni silahlısı vardı:

"Yəni Fransa silahlandırdığı Osmanlı erməniləri idi və digər erməni birliklərini də Fransa silahlandırmışdı. Erməniləri arxayın etmişdi ki, sizə Osmanlı ərazisində dövlət yaradacağıq. Yəni o dövrdə də erməniləri alət kimi istifadə edirdilər. Bu gün Fransanın Ermənistana, ermənilərə yönəlmiş siyasəti heç də ermənilərin xeyrinə işləmir, Fransanın öz maraqları xeyrinə işləyir. Fransa erməniləri yenə alət kimi istifadə edib, Cənubi Qafqaza girmək istəyir, ancaq bu baş tutmayacaq. Fransanın bu xam xəyalları elə xəyal kimi də qalacaq. İndi məsələ burasındadır ki, özlərini həmişə sonsuz dərəcədə ağıllı hesab edən bu axmaq toplum, yəni ermənilər başa düşmürlər ki, Fransa bunlardan yenə alət kimi istifadə edir və başa düşmürlər ki, Fransanın bu hərəkətləri Fransanın yox, ermənilərin də Cənubi Qafqazdan rədd olub getməsinə səbəb olacaq. Buna görə ermənilər Fransadan nə qədər uzaq dursalar o qədər xeyirlərinədir. Ermənilərin bugünkü hərəkəti onlara Cənubi Qafqazda dövlət yaratmış, onları İrandan, Türkiyədən müxtəlif yerlərdən köçürüb gətirib, indiki ərazilərdə yerləşdirən Rusiya dövlətinə xoş gəlmir. Rusiya dövləti bu hərəkətləri ermənilərə elə belə bağışlamayacaq".

Deputat dedi ki, Fransanın Avropa Parlamentinə təzyiq təsir göstərib, Azərbaycan əleyhinə qətnamə qəbul etdirməsi, Birləşmiş Millətlər Təşkilatında Azərbaycana qarşı nəyisə etməsi məlum məsələlərdir. Onun sözlərinə görə, Azərbaycan kifayət qədər yüksək səviyyədə Fransanın saxta, riyakar hərəkətlərinə cavab verir.

"Fransanın bu hərəkətlərinə uyan ermənilər Cənubi Qafqazda yeni bir müharibənin alovlanmasına səbəb olacaqlar. Fransa burada tək deyil, Amerikanın bəzi dairələri də bu məsələlərdə Fransa ilə şərikdir. Biz də istəyirik ki, Cənubi Qafqazda dayanıqlı sülh olsun, Cənubi Qafqaz dövlətləri arasında, o cümlədən Ermənistanla Azərbaycan arasında etibarlı qonşuluq münasibətləri olsun. Ermənilər bu yolu tutmalıdırlar, cənab prezidentimiz dəfələrlə bu xəbərdarlığı edir, bu mesajları verir. Ancaq ermənilər son dövrlər başlarına gələnlərdən, başlarına dəyən yumruqlardan hələ də düzgün nəticə çıxarda bilmirlər. Yenə də yollarını azıblar, fitnə-fəsada uyublar, ancaq bunun sonu yaxşı görünmür. O mənada ki, bütün bu hərəkətlər gətirib ona çıxarda bilər ki, Cənubi Qafqazda erməni qalmaz, Cənubi Qafqazda Ermənistan adlanan bir dövlət öz mövcudluğunu itirə bilər. Bax, ermənilər bunu fikirləşməlidirlər. Azərbaycan bu gün də çağırış edir ki, bizim vətəndaşımız olaraq gəlib Azərbaycanda, Qarabağda yaşaya bilərsiniz. Ancaq bunu istəmədilər və könüllü olaraq öz rəhbərlərinin təhrikiylə, çağırışıyla və təzyiqi ilə ərazimizdən çıxıb getdilər", - deyə Elman Məmmədov qeyd etdi.

Humay İSGƏNDƏRLİ