"AŞPA-nın qətnaməsi tərəfimizdən cırılıb atılmış, istifadəyə yararsız kağız parçasıdır" - Musa Qasımlı

 18:05 13.10.2023     825

Avropa Şurası Parlament Assambleyası (AŞPA) 2023-cü il sentyabrın 19-da Azərbaycanın Qarabağda hərbi əməliyyatlarını pisləyən “Dağlıq Qarabağda humanitar vəziyyət” adlı qətnamə qəbul edib. Bundan öncə Avropa Parlamenti də ölkəmizə qarşı qərəzli qətnamə qəbul etmişdi.

Eyni zamanda Fransanın Avropa və xarici işlər naziri Ketrin Kolonna Azərbaycanın Qarabağ bölgəsini heç bir güc tətbiq edilmədən, könüllü şəkildə tərk edən ermənilərin Ermənistanda yerləşməsinin guya Azərbaycan tərəfindən planlaşdırıldığı iddiasını səsləndirib.

Maraqlıdır, Azərbaycana qarşı bu addımlarda məqsəd nədir?

Məsələ ilə bağlı Redaktor.az-a danışan Milli Məclisin deputatı Musa Qasımlı bildirdi ki, Fransa parlamentindən sonra isə Avropa Şurasında Azərbaycanla bağlı qəbul edilmiş sənədlər başdan-başa iftira, yalan, böhtan, qarayaxma olduğu üçün qəbul edildiyi andan etibarən tərəfimizdən cırılıb atılmış, istifadəyə yararsız kağız parçasıdır.

Onun sözlərinə görə, bu kağız parçası demokratiyadan danışan Avropa Şurasının əsl simasını göstərir:

"1988-ci ildən başlayaraq Ermənistan adlanan tarixi torpaqlarımızdan 250 min azərbaycanlı vəhşicəsinə qovularkən, onlar çadırlarda, vaqonlarda acınacaqlı şəraitdə yaşayarkən Fransa harada idi? Avropa Şurası hara baxırdı? Bəs Ermənistandan vəhşicəsinə qovulan azərbaycanlıların insan hüquqları yox idi?  Belə "qətnamələr" rüsvayçılıqdır, demokratiya adına ləkədir, ikili standartdır. Azərbaycan tərəfindən qəbul edilə bilməz. Azərbaycan lokal xarakterli antiterror tədbirlərini dünya birliyi tərəfindən tanınmış öz ərazilərində aparıb. Heç bir mülki obyekt və mülki şəxs zərər görməyib. Azərbaycan ərazisindən köçüb gedənlər öz xoşları ilə könüllü şəkildə gediblər. Azərbaycan tərəfi dəfələrlə bildirib ki, Azərbaycan qanunlarını, vətəndaşlığını qəbul edənlər rahat bir şəkildə yaşaya bilərlər. Azərbaycan dövləti bütün vətəndaşlarının mal və can güvənliyini qoruyur. Soruşulur: Fransa dövləti fransız konstitusiyasını qəbul etməyən, qanunlarının əleyhinə gedən terror aktlarını törədənləri öz ərazisində saxlayarmı? Bu qəbul edilən sənədlər ikiüzlükdən, riyakarlıqdan başqa bir şey deyil".

Həmidə İBRAHİMLİ