Sülhməramlılar Qarabağda nə vaxta kimi qalacaq? - Putin AÇIQLADI

 18:21 13.10.2023     716

Rusiya sülhməramlıları rəsmi olaraq 2025-ci ilin noyabrına qədər Qarabağda qalmalıdırlar, bu məsələ danışıqlar zamanı həll olunacaq.

Redaktor.az TASS-a istinadla xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin Qırğızıstana səfərinin yekunlarına dair mətbuat konfransında deyib.

"Formal olaraq sülhməramlılarımız orada 2025-ci ilin noyabrına qədər qalacaqlar və biz, əlbəttə ki, tərəfdaşlarla dialoqda yaxın gələcəkdə nəyi və necə edəcəyimizi müəyyənləşdirib həll etməli olacağıq. Buna danışıqlar zamanı qərar verəcəyik” - Putin bildirib.

Rusiya Federasiyasının prezidenti qeyd edib ki, 2020-ci ildə Rusiya sülhməramlılarının Qarabağ ərazisində olması ilə bağlı razılaşma yarananda onların mandatı yalnız atəşkəs rejiminə nəzarət etmək olub.

“Qarabağın statusu nəhayət müəyyən edilmədi və Ermənistan Qarabağın Azərbaycanın bir hissəsi olduğunu tanıyanda məlum oldu ki, bizim sülhməramlılarımız, şübhəsiz ki, Azərbaycan Respublikasının ərazisindədirlər və təbii ki, indi də, düzünü desək, erməni əhalisinin köçü ilə bağlı çətin hadisələrdən sonra vəziyyət tamamilə dəyişdi”, - Rusiya lideri etiraf edib.

Turan İSMAYIL