"Bakı və İrəvan dəfələrlə Qarabağla bağlı razılaşmaya yaxın olublar" - Putin

 18:31 13.10.2023     440

Bakı və İrəvan dəfələrlə Qarabağla bağlı razılaşmaya, o cümlədən referendum ideyasına yaxın olublar.

Redaktor.az TASS-a istinadla xəbər verir ki, bu barədə Rusiya Prezidenti Vladimir Putin Qırğızıstana səfərinin yekunlarına dair mətbuat konfransında bildirib.

"Mən təfərrüatlara varmayacağam, amma demək istəyirəm ki, biz ötən onilliklər ərzində dəfələrlə Qarabağla bağlı razılaşmaya yaxın olmuşuq", - Putin deyib. “Biz razılaşdıq ki, referendum keçirilsin, lakin bir tərəf dedi ki, bu referendumun tarixini deyə bilməz, bura Azərbaycandır, Ermənistan tərəfi isə əksinə, referendumun tarixini müəyyən etməkdə israrlıdır. Və bu referendumda Qarabağın statusunu müəyyən edəcək”, - Putin izah edib.

Azərbaycan tərəfinin mövqeyindən danışan Putin qeyd edib: "Bakıda izah edilib ki, əgər indiki şəraitdə referendum keçirilirsə və nə vaxt - sabah və ya 20 ildən sonra fərqi yoxdur, o zaman referendumun nəticəsi bəlli olacaq. Ona görə də təklif olundu ki, bu, sadəcə olaraq, gələcək nəsillərin ixtiyarına buraxılmalıdır".

Putin onu da bildirib ki, İrəvanda öz növbəsində onlar da ondan çıxış ediblər ki, nə vaxt referendum keçirilsə, əhalinin mövcud tərkibi nəzərə alınsa, nəticə göz qabağında olacaq.

"Problemin mahiyyəti bu idi, hər şey bunun ətrafında cərəyan edirdi, əsas tıxac bu idi”, - Putin vurğulayıb.

Dövlət başçısı xatırladıb ki, ötən il Praqada Ermənistan rəhbərliyi bu mövzunu bağlayıb. “Və dedi: “Qarabağ Azərbaycanın bir hissəsidir”. Ermənistan rəhbərliyi hətta kvadrat kilometrlərin sayını da göstərdi və 1991-ci ildə bağlanmış müqaviləyə istinad etdi, o zaman keçmiş sovet respublikalarında dövlət sərhədləri Sovet İttifaqında formalaşmış sərhədlərə uyğun müəyyən edilirdi” - Putin bildirib.

Turan İSMAYIL