"Bu cür qətnamələrin praktik əhəmiyyəti sıfır səviyyəsindədir" - Tofiq Zülfüqarov

 11:22 14.10.2023     411

Xəbər verdiyimiz kimi, Avropa Şurası Parlament Assambleyası (AŞPA) Azərbaycanın Qarabağda hərbi əməliyyatlarını pisləyən “Dağlıq Qarabağda humanitar vəziyyət” adlı qətnamə qəbul edib.

Qətnamədə guya Qarabağın erməni əhalisi fiziki “məhv olmaq” təhlükəsi və Azərbaycanın hakimiyyətinin “ermənifobiya siyasəti” səbəbindən öz vətənini tərk etdiyi göstərilir.

Azərbaycan Xarici İşlər Nazirliyi isə Avropa Şurası Parlament Assambleyasının (AŞPA) 12 oktyabr 2023-cü il tarixli 2517 (2023) saylı qətnaməsini və 2260 (2023) saylı tövsiyəsini qətiyyətlə rədd edir və şiddətlə qınayıb.

Məsələ ilə bağlı  sabiq xarici işlər naziri, politoloq Tofiq Zülfüqarov Redaktor.az-a danışarkən dedi ki, bu qurumlar müxtəlif vasitələrdən idarə olunur:

"Görürük ki, indi Avropa məkanında Fransa çox fəaldır və müxtəlif qurumlardan istifadə edir, Azərbaycana qarşı həmlələri davam edir. Həmlələrin məqsədi ondan ibarətdir ki, orta bir gərginlik mənbəyi yaradıb Azərbaycana qarşı, Azərbaycan-Türkiyə tandeminə qarşı öz siyasətini davam etdirsin. Bu cür qətnamələrin praktiki əhəmiyyəti sıfır səviyyəsindədir. Ona görə mən məsləhət görərdim ki, çox önəm verməyək. Bəli, XİN cavab verməlidir, mövqeyini bildirməlidir. Amma bu cür sənədlərin, qətnamələrin praktik əhəmiyyəti sıfır səviyyədədir".

Humay İSGƏNDƏRLİ