"Prezident həmin o ağzıgöyçəklərə sonuncu tərs şilləsini vurdu"

 15:11 16.10.2023     348

"Azərbaycan 44 günlük Vətən müharibəsində qələbə çaldıqdan sonra Ermənistanı üçtərəfli bəyanatı imzalamağa məcbur etdi və Ermənistan müəyyən öhdəliklər götürdü. Bu öhdəliklərdən biri də qanunsuz erməni silahlı dəstələrinin Azərbaycan ərazilərindən çıxarılması idi. Ancaq təəssüflər olsun ki, Ermənistan bunu yerinə yetirmədi, əksinə, Azərbaycana qarşı terror və təxribatlar törətdilər. Biz bu dinc dövrdə belə şəhidlər verdik, yaralılarımız oldu. Bir sözlə, hər dəfə sülhə yaxınlaşmaq istədikdə, sülh danışıqları uğurlu getdiyi ərəfədə Ermənistan müəyyən təxribatlar, terror törədərək sülhə kölgə saldılar. Məhz sentyabr ayının 19-u və 20-də  Azərbaycan tərəfindən lokal antiterror tədbirlərinin keçirilməsi də bir zərurət idi. Məhz bu tədbirlər nəticəsində keçmiş separatçılar təslim oldular, silahı yerə qoydular, ağ bayraq qaldırdılar, bütün silah-sursat Azərbaycan tərəfinə təhvil verildi. Bir sözlə, Azərbaycan uzun illərdir ki, Azərbaycan üçün yaradılmış böyük bir bəlanın sonuna gəlib çata bildi və şükürlər olsun ki, Azərbaycan beynəlxalq hüquq və konvensiyalara arxalanaraq, humanitar qaydalara, humanitar hüquqa riayət edərək bir nəfər də olsun dinc sakinin burnu qanamadan bu prosesləri yekunlaşdıra bildi".

Bu sözləri Redaktor.az-a Milli Məclisin deputatı Naqif Həmzəyev Prezident İlham Əliyevin dünən Xankəndi, Xocalı, Xocavənd və Ağdərəyə səfərini şərh edərkən deyib.

Onun sözlərinə görə, xüsusilə də ötən illər ərzində İlham Əliyev dəfələrlə gec-tez bu proseslərin yekunlaşacağını bildirmişdi:

"Bütün beynəlxalq platformalarda Azərbaycanın haqq səsini ucaltmışdı. Azərbaycanın başına gətirilmiş bəlalardan danışmışdı və ermənilərin əsl simasının dünya ictimaiyyətinə çatdırılması üçün əlindən gələni etmişdi. Sonuncu proseslər də onu deməyə imkan verir ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev verdiyi bütün sözləri yerinə yetirdi. Xüsusilə də biz ötən günü cənab Prezidentin, Xocalıda, Xankəndidə, Ağdərədə və işğaldan azad olunmuş bütün torpaqlarımızda Azərbaycan bayraqlarının qaldırılmasına şahidlik etdik. Bir sözlə, cənab prezident sanki 20 illik hesabatını verdi. 20 il ərzində verdiyi bütün sözləri yerinə yetirdiyi kimi bu sözünü də yerinə yetirmiş oldu. Bəzi ağzıgöyçəklər, bizi istəməyən qüvvələr 44 günlük Vətən müharibəsindəki zəfərdən sonra bu zəfərə kölgə salmaq istəyirdilər. Müəyyən iradlar tutmağa cəhd edirdilər. Ancaq dünən cənab Prezident həmin o ağzıgöyçəklərə və bizi istəməyən qüvvələrə də sonuncu tərs şilləsini vurdu. Bu günləri kimin kim olduğunu hər kəs bilir və bu günləri Azərbaycan xalqı bir daha əmindir ki, cənab Prezident əgər deyirsə, nə söz verirsə, gec-tez bunu yerinə yetirir. Çünki cənab Prezidentin sözü onun imzasıdır. 20 il ərzində Azərbaycan hardan, hara gəldi. Biz bu günləri bütün sahələrdə inkişaf etmişik, regionun ən aparıcı dövlətinə çevrilə bilmişik. Azərbaycan yalnız enerji resurslarının ixracı ilə məşğul deyil, eyni zamanda logistik mərkəz qura bilib və orta dəhlizin açar dövlətinə çevrilə bilib. Bu gün Azərbaycan ənənəvi enerji resursları ilə yanaşı alternativ yaşıl enerji resurslarını Avropaya ixrac etmək haqqında düşünür və bununla bağlı artıq anlaşmalar var".

Deputat onu da qeyd etdi ki, Azərbaycan yalnız öz təhlükəsizliyini düşünmür, regional təhlükəsizlik maraqlarından çıxış edərək Cənubi Qafqaz ailəsinin yenidən formalaşmasını və Cənubi Qafqazda uzunmüddətli dayanıqlı sülhün əldə olunması mesajlarını verir:

"Bu gün cənab Prezidentin fikirləri ali tribunalardan başqa liderlər tərəfindən də səsləndirilir. Bu günləri region dövlətlərinin 3+3 formatında və yaxud 2+2 formatında görüşlərinin baş tutması üçün müxtəlif işlər görülür. Bu təklifləri inkar edən, bunu qəbul etmək istəməyən bəzi dövlətlər də artıq bu ideyaları, təklifləri dəstəkləyirlər. Bir sözlə, Azərbaycan Ali Baş Komandanı cənab Prezident İlham Əliyevin rəhbərliyi dövründə Ulu Öndərin uğurlu siyasətini davam etdirdi və ulu öndərin vəsiyyətini yerinə yetirdi. Bu gün soydaşlarımız, keçmiş məcburi köçkünlər öz dədə-baba yurdlarına qayıdırlar. Bu 30 il ərzində azərbaycanlıların başına hər cürə müsibətlər gətirən, soyqırımlar, terrorlar törədən erməni quldurbaşları, separatçılara rəhbərlik etmiş həmin şəxslər artıq Azərbaycanın təcridxanalarında ifadə verirlər. Heç kim inanmazdı ki, onlar nə zamansa həbs olunacaqlar və qanun qarşısında cavab verəcəklər. Ancaq bu günlər realdır və bu günləri reallaşdıran ulu öndər siyasəti cənab prezidentin qətiyyətli iradəsi hesabına baş verdi. Bütün bu zəfərimizdə, təbii ki, Azərbaycanın rəşadətli ordusu, zabit və əsgərlərimizin misilsiz xidmətləri var. Allah şəhidlərimizə rəhmət eləsin! Qazilərimizə can sağlığı arzulayırıq. Əminliklə deyə bilərik ki, hər bir azərbaycanlının təhlükəsizliyi dövlətimiz tərəfindən təmin edilib və bizlərə qarşı törədilmiş bütün hərbi cinayətlərin səbəbkarları, o əmri verən şəxslər qanun qarşısında cavab verəcəklər. Hətta qaçıb gizlənən şəxslər belə İnterpol vasitəsilə axtarışdadır. Onlar da gec-tez haqq-ədalət mühakiməsinə cəlb olunacaqlar".

N.Həmzəyev onu da əlavə etdi ki, İlham Əliyev prezident seçilməsinin 20 illiyində məhz həmin gün də Xocalıda, Xankəndidə, Ağdərədə Azərbaycan bayrağını qaldırdı və qanunsuz fəaliyyət göstərən separatçıların iş otaqlarına, həmin binaya nəzər yetirdi:

"Azərbaycan gerbini şəhər mərkəzində, binanın divarında asılmasını təmin etdi, Azərbaycan bayrağının ucaldılmasını həyata keçirdi. Bir sözlə, bütün bu torpaqlarda artıq Azərbaycan bayrağı dalğalanır. Bütün bu başımıza gətirilən müsibətlərə, fəlakətlərə baxmayaraq, Azərbaycan yenidən humanist addım ataraq birgə yaşayışı təşviq edir. Mən inanıram ki, Ermənistan tərəfi digər öhdəlikləri də yerinə yetirməyəcəyi təqdirdə Azərbaycan onları da özü öz gücü hesabına edə biləcəkdir. Ermənistan siyasi-hərbi rəhbərliyi baş vermiş bu proseslərdən doğru düzgün nəticə çıxartmalıdırlar. Onlar artıq öz havadarlarından aldıqları mesajları yox, reallığı əks etdirən addımları yerinə yetirməlidirlər. Mən inanıram ki, gec-tez bu olacaqdır. Azərbaycan Zəngilandan Naxçıvana quru yolunu çəkə biləcəkdir, kommunikasiyalar açılacaqdır. Azərbaycan bütün məcburi köçkünlərin öz yurdlarına qayıtmasını təmin etdiyi kimi, Qərbi azərbaycanlıların da öz yurdlarında yaşamaq hüquqlarını təmin edə biləcəkdir və birgəyaşayış Cənubi Qafqazda mümkün olacaqdır".

Həmidə İBRAHİMLİ