"Əgər biz tarixi zəfərimizdən danışırıqsa, mütləq Heydər Əliyevi xatırlamalıyıq"

 17:38 16.10.2023     694

Ötən gün Xankəndidə xalqa müraciət edən Prezident İlham Əliyevin toxunduğu məsələlərdən biri də Ulu Öndər Heydər Əliyevin 100 illiyinin qeyd olunamsı ilə bağlı idi.

"Bu il “Heydər Əliyev İli”dir. Biz Heydər Əliyevin 100 illiyini il boyunca qeyd edirik. Necə qeyd edirik? Onun siyasətinə, onun tarixi irsinə hörmət göstərərək, onun siyasətini davam etdirərək qeyd edirik. Mən Ulu Öndərin ad gününü Şuşada keçirdim. Bilirəm, o vaxt bəziləri sual verirdi ki, təntənəli iclas harada keçiriləcək, təntənəli iclasda kim çıxış edəcək, hansı xarici qonaqlar gələcək? Sonra da gördülər ki, heç bir təntənəli iclas keçirilməmişdir. Nə üçün? Ona görə ki, bizim Ulu Öndərin xatirəsinə hörmətimiz əməli işlərlə ölçülməlidir", -deyə dövlət başçısı çıxışında vurğulayıb.

İlham Əliyevin bu çıxışı ilə bağlı Redaktor.az-a danışan Milli Məclisin deputatı Hikmət Babaoğlu dedi ki, bu gün əldə etdiyimiz tarixi zəfərin ilkin memarı, böyük dövlət xadimi, Ulu Öndər Heydər Əliyev olubdur.

"Çünki Heydər Əliyev Azərbaycan Respublikasının müstəqil daxili siyasətini, xarici siyasətini müəyyənləşdirilməsəydi, onun yaratdığı bu təməllər möhkəm olmasaydı bu gün Azərbaycan indiki qədər güclü ola bilməzdi. 90-cı illərin əvvəlləri milli dövlətlərin suverenliyinin təhdid altında olduğu illər idi. Azərbaycanın cənubunda etnik separatçılıq vardır, qərbində regional separatçılıq vardı, şimalında yenə etnik separatçılıq vardı. Bu isə Azərbaycanın milli gücünü bölürdü. Yəni, diqqəti Qarabağın azad olunmasından yayındıraraq, milli enerjimizi, milli iqtisadiyyatımızı, milli strategiyamızı bu məsələdən kənarda qoyub, gücümüzü parçalayırdı. Heydər Əliyev Azərbaycan dövlətini ən mürəkkəb tarixi proseslərdən keçirərək, inkişaf etdirərək, onun hüquqi əsaslarını 2003-cü ilə qədər gətirib çıxarmışdı. Bundan sonrakı mərhələdə Azərbaycan prezidenti yeni əsrin yeni çağırışları kontekstində, bu təməllər üzərində tamamilə güclü və müasir Azərbaycan qurmağı bacardı. Şübhəsiz ki, əgər biz tarixi zəfərimizdən danışırıqsa, mütləq böyük dövlət xadimi Heydər Əliyevi xatırlamalıyıq, Azərbaycan Prezidenti də elə Xankəndində Azərbaycan xalqına müraciət etdiyi zaman bu məsələyə toxundu.

Yəni Heydər Əliyevin şəxsiyyəti və düşüncələri də, Azərbaycan üçün etdikləri də zamanın fövqündə olan hadisələrdir. Şübhəsiz ki, bu cür dövlət xadiminin 100 illik yubileyi də yalnız və yalnız bu şəkildə qeyd oluna bilərdi, işğaldan azad olunmuş torpaqlarımıza Azərbaycan bayrağının sancılmasıyla, ərazilərimizdə suveren hüquqlarımızın bərpa olunmasıyla, Azərbaycanın konstitusiya quruluşunun onun hər bir qarış ərazisində tətbiq olunmasıyla. Çünki Heydər Əliyev şəxsiyyəti, Heydər Əliyev dövlət adamı keyfiyyəti məhz bunu tələb edirdi. Ona görə də şübhəsiz ki, Azərbaycan Prezidenti bu məsələləri deyərkən əslində milli dövlət və Heydər Əliyev adının bir-biri ilə assosiasiya olunmasını xatırladaraq bugünkü zəfərimizin alt qatlarında böyük dövlət xadimi, Ulu Öndərimiz Heydər Əliyevin əməyini bir daha qeyd etmiş oldu. Çünki yalnız fövqəladə şəxsiyyətlərin xüsusi günlərini fövqəladə tədbirlərlə yad etmək olar. Ona görə də, biz bu günlərdə son 100 illik tariximizin ən mühüm hadisələrindən birini yaşadıq. 1923-cü ildə yaradılmış Dağlıq Qarabağ deyilən qondarma qurumun fəaliyyətinə birdəfəlik son qoyuldu və ilk dəfədir ki, Xankəndidə Azərbaycan bayrağı dalğalandı. Bax, bu fövqəladə, xüsusi bir hal idi", - deyə deputat bildirdi.

Humay İSGƏNDƏRLİ