"O arzularına artıq çatıblar, amma qalib kimi yox, bir cinayətkar kimi"

 15:32 17.10.2023     1131

"Qarabağdakı xunta rejiminin liderləri, saxta liderləri öz havadarlarına güvənərək Azərbaycanı davamlı olaraq təhdid edirdilər".

Bu sözləri Prezident İlham Əliyevin Xankəndidəki çıxışındakı bəzi məqamlar haqqında Redaktor.az-a danışan Milli Məclisin deputatı Ceyhun Məmmədov dedi.

"Yeni ərazilərin işğal etməklə, Bakıya gəlməklə bağlı dəfələrlə təhdidlərinin şahidi olmuşuq. Amma artıq cənab prezidentin də qeyd etdiyi kimi, bu cür bəyanatlar verən hər bir şəxs artıq həbs olunub. Onlar Bakıda çay içmək istəyirdilər, o arzularına artıq çatıblar, amma qalib kimi yox, bir cinayətkar kimi Azərbaycandadırlar və onlar qanun qarşısında cavab verirlər. Biz əvvəl də dəfələrlə xəbərdarlıq etmişdik, amma onlar nəticə çıxartmamışdılar. Hesab edirəm ki, bu gündən sonra separatçı əhval ruhiyyəsində olan hər kəs artıq bu kimi addımlardan çəkinməlidir. Anlamalıdır ki, bu cür bəyanatların, təxribatların sonu, bax belə olur və qanun qarşısında mütləq cavab verəcəklər", - deyə millət vəkili bildirdi.

Qeyd edək ki, oktyabrın 15-də Xankəndidə çıxış edən dövlət başçısı seperatçıların Bakıya gəlmək istəyinə toxunub.

"Onlar Bakıya gəlmək istəyirdilər, onlar bizi hədələyirdilər, deyirdilər ki, onların tankları Bakı küçələrində olacaq, haqlı çıxdılar. Onların tankları Hərbi Qənimətlər Parkındadır. Onlar deyirdilər ki, Bakıya gəlib çay içəcəklər. Burada da haqlıdırlar. İndi çay içirlər, istintaq təcridxanasında. Özünü “prezident” adlandırmış üç təlxək bax, burada oturub bizə meydan oxuyurdu, bizi hədələyirdi, bizi təhqir edirdi. Biz isə təmkinlə hər şeyə yanaşdığımız kimi, bu məsələyə də təmkinlə və səbirlə yanaşırdıq. Çünki bilirdik ki, biz buraya gələcəyik", - deyə İlham Əliyev bildirib.

Humay İSGƏNDƏRLİ