İsrailin iki seçimi var: Ya HƏMAS-a "özünə gəlməyə" imkan verməlidir, ya da... - Tural Əliyev

 12:45 17.10.2023     594

"Oktyabr ayının 7-də Qəzzada bu hadisələr baş verəndə İsrail bəyan etdi ki, əgər nəticə verməsə, biz yerüstü əməliyyatlara başlayacayıq. Yəni yerüstü əməliyyatlar nə deməkdir? Birdəfəlik Qəzzada HƏMAS-ın kökünü kəsmək. Amma Qəzzada dinc əhali daha çoxdur. Yəni ərazi balacadır, amma 2 milyona yaxın əhali yaşayır. Hətta ərazinin şimalında təxminən 1 milyon insan var və İsrail də vaxt vermişdi ki, 24 saat ərzində 1 milyon insan oranı tərk eləsin. Bu da qeyri mümkündür, yəni fiziki olaraq çıxa bilməzdilər. Ona görə də İsrail bunu etdi. Fikirləşdi ki, böyük bir qaçqın axını olar. Əsasən də Misir tərəfə. Sonra Misir də sərhədləri bağladı. Çünki Qəzanın yeganə quru yolu Misirədir. Bir də dəniz yolu var. Lakin dənizdə o qədər gəmi yoxdur. Misir də öz təhlükəsizliyini düşünüb sərhədi bağladı".

Bu sözləri Redaktor.az-a politoloq Tural Əliyev İsrailin quru əməliyyatlara başlamasına əngəl olan qüvvələrdən danışarkən dedi.

Onun sözlərinə görə, burada ikinci bir məqam İranın mövqeyidir:

"İran da bəyanat verdi ki, İsrail əgər yerüstü əməliyyatlara başlasa, biz də sakit oturmayacayıq. Yəni birbaşa münaqişəyə qoşulmasa da, amma sakit də durmayacaq. Livan, Hizbullah da ordan bəyanat verdi ki, əgər yerüstü əməliyyatlar başlasa biz də qoşulacayıq. Ola bilsin, həm də Amerika Birləşmiş Ştatlarında Yaxın Şərqdə bu qədər coğrafiyanın genişlənməsinin tərəfdarı olmayanlar da var, tərəfdarı olanlar da var. Çünki Amerika Birləşmiş Ştatları yekdillik dövlət deyil. Orda da bir çox maraqlı qruplar var. Bir qrup bunun tərəfdarıdır və düşünür ki, ABŞ konqresdə bu məsələni qaldırmalı və hökumətə əlavə dəstək verməlidir. Yəni maliyyə dəstəyi ki, İsrailə kömək etsin. Digər bir qrupda isə bunu istəməyənlər var. Əsasən də demokratlar istəmir. Respublikaçılar daha çox istəyir ki, bunlar İsrailə böyük yardımlar əsasında baş versin. İndi bunun arasında gedən mübahisələr, müzakirələrdən sonra İsrail hələ ki, buna risk etmir".

Politoloq onu da qeyd etdi ki,  HƏMAS qüvvələri dinc əhalinin içərisində yerləşib:

"İstər-istəməz yerüstü əməliyyatlar intensivləşsə dinc insanların, mülki insanların daha çox ölməsinə gətirib çıxara bilər. Bütövlükdə bunu nəzərə alaraq İsrail hələ də risk eləmir. Amma düşünürəm ki, indi başlanan müharibədə İsrail ya HƏMAS-a imkan verməlidir ki, yenidən özünə gəlsin, silahlansın və yenidən İsrailə hücum etsin, ya da İsrail yerüstü əməliyyatlara başlayıb hər şeyi, bütün riskləri gözə alıb sonuna qədər getməlidir. Yəni istənilən halda İsrail hazırda iki məsələ arasında seçim etməlidir. İkisi də əslində çox ağır seçimdir, yəni ya HƏMAS-ın sonuna qədər gedib məhv etməlidir, ya da ki, atəşkəs rejimi elan edib, HƏMAS-ın yenidən nəfəs almasına və onun yenidən silahlanmasına göz yummalıdır".

Həmidə İBRAHİMLİ