"Xüsusi vasitəçiliyə ehtiyac yoxdur, Azərbaycanın mövqeyi ortadadır" - Elçin Mirzəbəyli
Xəbər verdiyimiz kimi, MDB dövlət başçılarının Bişkekdə keçiriləcək görüşündə iştirak etməkdən imtina edən Ermənistanın baş naziri Nikol Paşinyan Fransanın Strasburq şəhərinə işgüzar səfərə gedib.
Qeyd edək ki, bir müddət öncə Avropa İttifaqının Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsi Toivo Klaar Azərbaycana və Ermənistana səfərdən qayıtdıqdan sonra özünün "X" sosial şəbəkəsində oktyabrın sonlarında Brüsseldə yüksək səviyyəli görüşün gözlənildiyindən yazıb.
Maraqlıdır, bundan sonra sülh prosesi hansı məcrəda inkişaf edəcək? Bişkekə gəlməkdən imtina edən Paşinyan Fransadan bu dəfə nə istəyəcək?
Məsələ ilə bağlı Redaktor.az-a danışan politoloq Elçin Mirzəbəyli bildirdi ki, görüşün baş tutması və yaxud tuta biləcəyi ilə bağlı hazırda heç nə söyləmək mümkün deyil.
Onun sözlərinə görə, Ermənistanın bu günə qədər olan rəftarı, eyni zamanda Paşinyanın Avropa Parlamentində səsləndirəcəyi fikirlər yəqin ki, bu görüşün taleyinə də təsir göstərəcək:
"Normallaşma prosesi iki ölkə arasında baş verməlidir. Əslində burada nə Brüsseldə, nə də başqa bir ərazidə hər hansı bir görüşün keçirilməsinə, yaxud vasitəçiliyə də xüsusi ehtiyac yoxdur. Çünki söhbət əgər konkret olaraq Azərbaycan və Ermənistan diplomatik münasibətlərin bərpa olunmasından, kommunikasiyaların açılmasından və sair bu kimi məsələlərdən gedirsə, bunun şərtləri və bu məsələlərlə bağlı Azərbaycanın mövqeyi ortadadır. Bu aspektdən də cənab Prezidentin Gürcüstana səfəri zamanı verdiyi bir önəmli mesaj var idi. Bu da Gürcüstanda görüşünün keçirilməsi və Cənubi Qafqazda olan münasibətlərin regionda həll olunması ilə bağlı idi. Bu baxımdan düşünürəm ki, məhz bu kontekstdən yanaşanda hazırda Avropa İttifaqının vasitəçiliyi üçün hər hansı bir əsasın olduğunu görmürəm. Çünki prinsipcə son davranışlar, xüsusilə də Qranadada keçirilən görüşdə Fransa, Almaniya prezidentlərinin iştirakı ilə baş verənlər nəticə etibarilə bu platformanın da ciddi nəticələrə yol aça bilməyəcəyini düşünməyə əsas verir".
Həmidə İBRAHİMLİ