"Rusiya kiçik bir Ermənistan qarşısında özünün qlobal maraqlarını qurban verəcək?" - Ekspert

 14:12 18.10.2023     272

Bildiyimiz kimi, ötən gün Avropa Parlamentində çıxış edən Ermənistanın Baş naiziri Nikol Paşinyan Azərbaycanla sülh müqaviləsi imzalamağa hazır olduqlarını bəyan edib.

"Ermənistan ilin sonuna qədər Azərbaycanla sülh müqaviləsi imzalamağa hazırdır", - deyə Paşinyan bildirib.

Bəs, Ermənistanın baş naziri sülhlə bağlı sözlərində nə qədər səmimidir? İlin sonuna kimi sülh müqaviləsi mümkün olacaqmı?

Mövzu ilə bağlı Redaktor.az-a danışan beynəlxalq məsələlər üzrə ekspert Əziz Əlibəyli dedi ki, Ermənistanın iradəsinə yox, Fransanın üzərindəki təsirinə baxmaq lazımdır:

"Yəni indi dövlətlər arasında bir mərkəz-mərkəz oyunu oynayırıq. Qranada görüşü ona görə alınmadı ki, burada Fransa, Almaniya var idi. Proses təkcə sülh müqaviləsi bağlamaqla bitmir, regional təhlükəsizlik və qayğılar meydana çıxır. Rusiya ilə bağlı əmin ola biləcəyimiz kifayət qədər nüanslar var. Bəlkə Qərbdə və ya Ermənistanda elə hesab edirlər ki, Rusiya coğrafiyadan silinib gedir, zəifdir. Amma bu arqumentin yerinə yetirilməsi və reallaşmasını Ukrayna müharibəsində görmürük. Hələ bu cəbhə başa çatmamış ikinci bir cəbhə Yaxın Şərqdə açıldı. Yəni həlledici məsələlər Azərbaycan-Ermənistan sülh müqaviləsinin predmeti kimi həllini tapmayacaq və daha qlobal problemlər var. İlham Əliyevin böyüklüyü odur ki, həmin o toqquşan maraqları imkan vermədi ki, Qafqazda müharibə zonasını reallaşdırsın. Amma Paşinyanın addımları yenə də buna doğru aparır. Bu mənada sülhlə bağlı həm Azərbaycan prezidentinin, həm də Ermənistan baş nazirinin paralel şəkildə çağırışları yaxşıdır, qarşılıqlı mesajlaşmalardı bunlar. Amma fərqli platformalarda olanda ortaq məxrəcə gəlmək mümkün olmur. Ona görə "3+3" faktoru güclənir. Prezident Gürcüstan versiyasını ona görə təklif etdi ki, bu maraqların təmin olunduğu digər mərkəzlər prosesin içərisində olmasın. Ona görə ki, Qərb burada öz marağını güdür. Azərbaycan-Ermənistan sülh müqaviləsində Qərbin istəyi gəlib bölgəyə yerləşməkdir. Sülh müqaviləsinin imzalanmasını təklif edir, ilk baxışdan siz görürsünüz ki, bu, Azərbaycana uyğundur. Amma onun təmantı məsələsi də ortaya çıxır".

Ekspertin sözlərinə görə, Azərbaycan sülh müqaviləsi bağlayacaqsa, təkliflərdən biri kimi məsələ qoyur ki, Ermənistan bundan sonra iddialarını davam etdirməsin.

"Görürsünüz, Ermənistanda qondarma parlamentin yığışması məsələsini qaldırdılar. Ermənistanda "miatsum" tərəfdarları xortlamağa başlayır, yenidən həmin ritorikaya qayıdırlar. Bu tərzdə sülh olar? Belə tərzdə ideologiya olar? Yəni qonşuluqdan gələcəyə yönəlik hansı rifah münasibətlərini inşa edilə bilərsiz? Ona görə, indi verilən açıqlamalarda, ciddi açıqlamaların tonusunda ciddi bir problem olduğu hiss olunur. Ermənistan bu məsələdə prossesləri yenə zamana buraxırsa, beynəlxalq aləmdə gedən proseslərdə dönüş nöqtəsindən öz xeyrinə istifadə etməyi düşünürsə, o zaman onun risklərini də dəyərləndirməlidir. Rusiya Ermənistanda hansı addımlar atacaq? Rusiya 10 noyabr razılaşmasının öhdəliklərini Paşinyana icra etdirmək üçün bu zamanı tanıyırdı. Qarabağdan gedən ermənilər və ordu revanş əhval ruhiyyəsindədir və Zəngəzur Rusiyaya hava və su kimi lazımdır. Dünyanın ikinci hərbi gücü kiçik bir Ermənistan qarşısında özünün qlobal maraqlarını qurban verəcək və bunu icra edə bilməyəcəkmi ritorikası çıxmırmı meydana? Yəni bu suallara da Ermənistan cavab versə yaxşıdır", - deyə Əziz Əlibəyli vurğuladı.

Humay İSGƏNDƏRLİ