"Paşinyan Avropa Parlamentində bunu təsadüfən demədi" - Yeganə Hacıyeva

 16:15 18.10.2023     340

Xəbər verdiyimiz kimi, ötən gün Ermənistanın Baş naziri Nikol Paşinyan Avropa Parlamentində çıxışı zamanı Azərbaycanla dəmir yolu xəttini bərpa etməyə hazır olduqlarını deyib.

"Rəsmi İrəvan Ermənistanın cənubunu Azərbaycanla və Azərbaycanın qərb rayonları ilə Naxçıvanı birləşdirən Mehri dəmir yolunu bərpa etməyə hazırdır. Bu yol təkcə Azərbaycan və Ermənistana deyil, həm də İran və Gürcüstana Qərb bazarlarına çıxış əldə etməyə imkan verəcək", - deyə erməni baş nazir bildirib.

Mövzu ilə bağlı Redaktor.az-a danışan politoloq Yeganə Hacıyeva dedi ki, Ermənistan tərəfinin dəmir yolu ilə bağlı razılaşması yeni xəbər deyil:

"Amma Ermənistan tərəfi həmişə bu mövzuda spekulyasiya edib. Mən xatırladım ki, üçtərəfli razılaşmanın əksini tapan kommunikasiya barədə razılaşmalar sonrakı mərhələdə Ermənistan tərəfindən sabataj olunmuş və həyata keçirilməmişdir. Konkret dəmir yolu məsələsi isə məhz hər üç ölkənin baş nazirlərinin müavinləri səviyyəsində Moskvada üçtərəfli görüşdə 2021-ci ilin may ayında olub. Sonrakı mərhələlərdə isə Moskva formatındakı bu razılaşma Brüssel formatına transfer olunub, bu format çərçivəsində razılaşdırılıb və bunun müqabilində Ermənistan Avropa Birliyindən maliyyələ alınması təşəbbüslərdə bulunub. Xatırladım ki, məhz Avropa Birliyi Ermənistana infrastrukturların dağılması adı altında guya 44 günlük Vətən müharibəsi çərçivəsində infrastrukturların dağılmasının bərpası üçün 2.6 milyard maliyyə ayırmışdı. Onun 600 milyonu Ermənistana çatdırılıb, amma iki milyardı çatdırılmayıb. Çünki Azərbaycan tərəfi istər sivil cəmiyyət çərçivəsində, istər hökumət rəsmiləri, istər media səviyyəsində Avropa təşkilatlarında, bütün təmaslarda bu haqda danışıb. Əslində Azərbaycan ərazisində gedən müharibəyə görə Ermənistana maliyyənin ayrılması, guya infrastrukturların bərpası üçün saxta bir təşəbbüs olması qeyd edilib. Qranada görüşündə də Ermənistan tərəfi Avropa Birliyinə xatırlatdı ki, hələ ayrılan maliyyədən 2 milayrdı qalıb və o 2 milyardın ayrılması Ermənistan üçün bu mərhələdə faydalı ola bilər".

Politoloqun sözlərinə görə, Avropa Parlamentində Nikol Paşinyan bu məsələdə çıxışı ilə Ermənistanın kommunikasiyaların açılması məsələsində təşəbbüskar olmasını göstərməyə çalışır. 

"Ümumiyyətlə isə kommunikasiyaların açılması Ermənistanın özünə də lazımdır, çünki onları blokadadan çıxardır və bu, Ermənistan üçün uzunmüddətli hesabda iqtisadi inkişafa, çiçəklənməyə gətirəcək məqamlardır. Amma daxildə real proseslərin dəyərləndirilməsində adekvat yanaşma olmadığı üçün daxili qruplar bunu Ermənistanın gedə biləcəyi güzəştlər kimi göstərməyə çalışırlar. Heç bir güzəşt kimi anlamı yoxdur. Bu hamının öz ərazisindən keçən kommunikasiyaların açılmasıdır. Bu kommunikasiyalar da bildiyiniz kimi, Azərbaycan, Ermənistan və sonra Türkiyə xətti ilə gedir. Odur ki, Azərbaycan İranla son məsələlərdə Zəngəzur dəhlizi mövzusunda "alternativ yolları da aça bilərik" çağırışının təsiri oldu. Amma bu məsələ öncədən də vardı. Ermənistanla razılaşmışdı, amma addımlarını atmırdı. İndi addımlar atması Azərbaycan tərəfinin məhz "alternativ yollara baxacağıq" yanaşmasının təsirli olmasını göstərdi. Ermənistan Avropa Parlamentində bunu təsadüfən demədi. Bu, Avropa Birliyinin hal-hazırkı mərhələ üçün təzyiqidir", - deyə Yeganə Hacıyeva bildirdi.

Humay İSGƏNDƏRLİ