"Paşinyan o qədər yalan danışıb ki, ona inam qalmayıb" - Deputatdan AÇIQLAMA

 16:30 18.10.2023     458

Ermənistanın Baş naziri Nikol Paşinyan Avropa Parlamentində çıxşı zamanı deyib ki, Ermənistan ilin sonuna qədər Azərbaycanla sülh müqaviləsi imzalamağa hazırdır.

Maraqlıdır, Ermənistan bu dəfə də sülh sazişindən yayınacaqmı? İşğal altındakı 8 anklav kəndimiz sülh müqaviləsi bağlanana qədər geri qaytarıla bilərmi?

Məsələ ilə bağlı Redaktor.az-a danışan Milli Məclisin deputatı Ceyhun Məmmədov bildirdi ki, əslində bu məsələ bu gün hamını düşündürən bir məsələdir.

Onun sözlərinə görə, Qarabağ məsələsi ilə bağlı ciddi ixtilaflar vardı:

"Biz artıq hesab edirik ki, Qarabağ məsələsi arxada qaldığına görə, Azərbaycan özü həll etdiyinə görə, bu gün Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanması mümkündür. Amma burada bir neçə nüans var. O nüanslardan biri odur ki, biz dəfələrlə Paşinyanın yalan danışdığının şahidi olmuşuq. Yəni o, Qərbə gedib Qərbdə bir şey deyirdi, Ermənistana gələndən sonra tamam fərqli bir fikirlər söylədiyinin də biz şahidi olmuşuq. Ona görə, yəni Paşinyan əvvəlki dövrlərdə verdiyi vədləri yerinə yetirmədiyinə görə bu dəfə əlbəttə ki, haqlı olaraq Azərbaycan cəmiyyətində belə bir düşüncə var. Artıq Paşinyan o qədər yalan danışıb ki, Azərbaycan cəmiyyətində demək olar ki, ona inam qalmayıb. Dəfələrlə biz Avropa Birliyi və ayrı-ayrı yerlərdə bunu gördüyümüzə görə bizdə bir az tərəddüdlər var. İkincisi, bölgəmizə sülhün gəlməsi, biz bilməliyik ki, yalnız Ermənistandan asılı deyil. Bu gün təəssüf ki, Ermənistan bir alət rolunu oynayıb. Bu gün bir sıra dövlətlər Ermənistandan bir alət kimi Azərbaycana qarşı istifadə edirlər və istifadə etməyə çalışırlar. Ona görə burada Fransanın hansı mövqedə olması, Fransanın yanaşmaları necə olacaq? Yəni bunlar da çox önəmlidir. Fransa və bir sıra Avropa ölkələri davamlı müdaxilə edəcəklərsə, sülhün gəlməsi çətindir. Qaldı ki, eyni zamanda, danışıqlarla bağlı Azərbaycanın bir mövqeyi də var. O mövqe ondan ibarətdir ki, bizim digər kəndlərimiz qaytarılmalıdır. Mən əminəm ki, o məsələyə də biz nail olacağıq. Bütün hallarda hesab edirəm, yəni hazırdakı şərait, mühit bizə sülh müqaviləsinin imzalanması üçün imkan verir. Sadəcə, Ermənistan öz siyasətini dəyişməlidir. Alət rolu olmaqdan imtina etməlidir".

Həmidə İBRAHİMLİ