"Qərbi azərbaycanlılar da öz dədə-baba yurdlarına qayıdacaq" - Deputatdan AÇIQLAMA

 16:03 19.10.2023     527

BMT-nin İqtisadi, Sosial və Mədəni Hüquqlar Komitəsi Ermənistandan Qərbi Azərbaycan İcmasının qaldırdığı məsələlərin icrasını tələb edib.

Açıqlamada bildirilib ki, Qərbi Azərbaycan İcması Ermənistanın İqtisadi, Sosial və Mədəni Hüquqlar Haqqında Beynəlxalq Paktın icrasına dair Dördüncü Dövri Hesabatı ilə əlaqədar BMT-nin İqtisadi, Sosial və Mədəni Hüquqlar Komitəsinə geniş Paralel Hesabat təqdim edib. Bundan əlavə, İcmanın nümayəndəsi Kamal Cəfərov Komitənin iclasında iştirak edib. İcma sözügedən paralel hesabatında Ermənistanın orada yaşamış azərbaycanlıları qovmaqla Paktı və digər beynəlxalq insan hüquqları konvensiyalarını pozması haqqında məlumat vermiş və Komitəni insan hüquqları pozuntularını aradan qaldırmaq üçün təcili tədbirlər görməyə çağırmışdı.

İcmanın qaldırdığı bir çox iradlar, ələlxüsus, Ermənistanın ayrı-seçkiliyə yol verməsi, milli azlıqların hüquqlarını pozması, mədəni hüquqları pozması və Azərbaycan mədəni irsinin qorunması sahəsində öhdəliklərini yerinə yetirməməsi və qaçqınların hüquqları ilə bağlı öhdəliklərinə biganə yanaşması ilə bağlı qaldırdığı məsələlər Komitənin yekun sənədində öz əksini tapıbdır.

Mövzu ilə bağlı Redaktor.az-a danışan Milli Məclisin deputatı Naqif Həmzəyev bildirdi ki, Azərbaycan müstəqillik qazandıqdan sonra Qərbi Azərbaycandan qaçqınlar məcburiyyət qarşısında qalaraq Azərbaycana təşrif buyurdular.

Onun sözlərinə görə, eyni zamanda daha sonra Qarabağ problemi ortaya çıxdı:

"Bu səbəbdən də biz daha çox Qarabağ problemini həll etməyə fokuslandıq. Bu baxımdan da, Qərbi azərbaycanlıların hüquqlarının müdafiəsi ilə bağlı proseslər ikinci dərəcəyə keçdi. Ancaq Qarabağ problemi həll edildikdən sonra artıq biz Qərbi azərbaycanlıların hüquqlarının müdafiəsi ilə bağlı daha aktiv fəaliyyətinin şahidi oluruq. Əvvəllər Qaçqınlar Cəmiyyəti adlanan təşkilat əsasında Qərbi Azərbaycan İcması formalaşdırıldı və Qərbi Azərbaycan İcması bu ötən müddət ərzində çox böyük işlər gördü. Ən əsas uğurlarımızdan biri ondan ibarətdir ki, artıq beynəlxalq təşkilatlar birbaşa olaraq Qərbi azərbaycanlıların səsini eşitdi. Qərbi azərbaycanlıların bəyanatı bir neçə dəfə BMT sənəti olaraq aidiyyəti qurumlara, təşkilatlara paylanıldı. Mən düşünürəm ki, çox böyük bir uğurdur. Bütün bunlarla yanaşı, Qərbi azərbaycanlıların siyahıya alınması yenidən həyata keçirildi. Yalnız 1988-ci ildə, 89-cu ildə bu ərazilərdən çıxarılmış bizim soydaşlarımızın dəqiq statistikası aparıldı. Düşünürəm ki, bu çox önəmli idi, çünki biz bunu etməklə yaxın gələcəkdə hətta BMT-də bu şəxslər üçün beynəlxalq qaçqın statusunu almağa çalışacağıq. Çünki bunu etmək çox vacibdir. Və artıq BMT-nin Qərbi azərbaycanlıların səsinə səs verməsi, Ermənistan qarşısında müəyyən tələblərin qoyulması, Ermənistana müəyyən çağırışların edilməsi növbəti uğur kimi dəyərləndirilməlidir".

Deputat onu da qeyd etdi ki, Azərbaycan Qarabağda yaşamaq hüququ olan erməni sakinlərin istədiyi zaman qayıdaraq bu ərazilərdə yaşamaq hüququnu tanıyırsa, onlara vətəndaşlıq vermək hüququnu tanıyırsa və müraciətlərini qəbul etmək üçün hətta xüsusi portal belə hazırlayıbsa, Ermənistan da qeyd-şərtsiz eyni prosesi Qərbi azərbaycanlılar üçün etməlidir:

"Cənab Prezidentin təbiri ilə desək, biz Zəngəzura, bu ərazilərə maşınlarımızla gedəcəyik, tüfənglə, tankla getməyə artıq ehtiyac qalmayıb. Biz beynəlxalq hüququn bizə verdiyi imkanlardan istifadə edərək öz dədə-baba yurdlarımıza gedəcəyik. Ermənistan tərəfi gec-tez bu reallığı da qəbul edəcək. Və əgər biz birgəyaşayışı təşviq ediriksə, Ermənistan da bu məsələyə öz töhfəsini verməlidir və Ermənistan artıq özü də gördü ki, biz ermənilərin təhlükəsizliyini təmin edə bilirik. Hal-hazırda 150-dən çox erməni sakini artıq Azərbaycan vətəndaşını qəbul etmək üçün müraciət edib. Bu günləri Xankəndidə onların bütün sosial qayğıları Azərbaycan dövləti tərəfindən həyata keçirilir. Mən əminliklə deyə bilərəm ki, bir müddət sonra çoxlu sayda erməni sakinlərinin müraciət edərək bu ərazilərə qayıdacağının şahidi olacayıq. Buna paralel olaraq da eyni proseslər Qərbi azərbaycanlılar üçün də həyata keçirilməlidir və xüsusilə də biz dəqiqliklə deyirik ki, Azərbaycanla sərhəd olan ərazilərdə - Göyçədə, Zəngəzurda, Zəngibasarda və ümumiyyətlə, şimala doğru Qazax sərhədi boyu ərazilərdə bir çox kəndlər demək olar ki, boşdur.

Ən yaxşı halda həmin kəndlərdə 10-15 evdən işıq gəlir. Yəni bu o deməkdir ki, bu kəndlər bombalam-boşdur və bu ərazilərdə həqiqətən azərbaycanlılar gedib yaşasa, Ermənistan üçün də faydası olar. Bizim soydaşlarımızın da həsrətinə son qoyulmuş olar, onlar da öz dədə-baba yurdlarında, doğulduqları kəndlərdə, şəhərlərdə, rayonlarda yaşayarlar. İstənilən halda, mən düşünürəm ki, bu, proseslərin başlanğıcıdır. Birləşmiş Millətlər Təşkilatının aidiyyəti qurumları Ermənistan hökuməti ilə sıx işləməlidir. Mərhələli şəkildə sülh imzalanacağı təqdirdə də mən düşünürəm ki, Qərbi azərbaycanlıların da öz dədə-baba yurdlarına qayıtmaq hüquqları təmin ediləcəkdir və onların da uzun illərdir gözlədikləri arzuları çin olacaqdır".

Həmidə İBRAHİMLİ