"Bizim bu qətnamə ilə bağlı diplomatik imkanlarımız daha da genişlənir" - Diplomat

 16:53 19.10.2023     314

"BMT-nin bir sıra qətnamələri təəssüflər olsun çox hallarda inkar olunur. Misal üçün, 1993-cü ildə Azərbaycanın xeyrinə qəbul olunmuş 4 qətnamə 30 il ərzində yerinə yetirilməmişdi. Biz onu bilirik və onu əsas götürərək öz torpaqlarımızı özümüz azad etdik. İndi yeni bir qətnamə qəbul olunur. Bu, müsbət bir haldır, qoy olsun. Hər halda bizim üçün bu, hüquqi bir əsasdır. Amma bunun nə dərəcədə həyata keçirilməsi prosesi baş verəcək, o, sual işarəsi altındadır".

Bu sözləri Redaktor.az-a politoloq, diplomat Fikrət Sadıxov BMT-nin İqtisadi, Sosial və Mədəni Hüquqlar Komitəsinin Ermənistandan Qərbi Azərbaycan İcmasının qaldırdığı məsələlərin icrasını tələb etməsinə münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, hər bir qətnamənin yerinə yetirilməsi məsələsinin arxasında müəyyən qüvvələr dayanmalıdır və bu qüvvələr bu qətnamələrin yerinə yetirilməsinə nəzarət etməlidir.

"BMT-nin öz mexanizmləri olmalıdır ki, həmin qəbul etdiyi qətnamələr yerinə yetirilsin. Bax, bu mexanizmlər çox təəssüflər ki, yoxdur. Biz onu elə bu Qarabağ probleminin həlli ilə bağlı dövrdə gördük və artıq biz bunu bilirik. İndi hər halda, əgər belə bir qətnamə qəbul olunursa, təbii ki, bu, bizə bir sıra addımların atılmasına imkan, şərait yaradır. Hər halda tələblərimiz daha belə hücumedici şəkildə səsləndirilməlidir. Biz həm diplomatik meydançalarda, həm müxtəlif siyasi görüşlərdə bu məsələni qabardıb, qətnamənin yerinə yetirilməsini tələb etməliyik. Yəni mən düşünürəm ki, bizim bu qətnamə ilə bağlı diplomatik imkanlarımız daha genişlənir", - deyə F.Sadıxov qeyd etdi.

Xatırladaq ki, BMT-nin İqtisadi, Sosial və Mədəni Hüquqlar Komitəsi Ermənistandan Qərbi Azərbaycan İcmasının qaldırdığı məsələlərin icrasını tələb edib.

Açıqlamada bildirilib ki, Qərbi Azərbaycan İcması Ermənistanın İqtisadi, Sosial və Mədəni Hüquqlar Haqqında Beynəlxalq Paktın icrasına dair Dördüncü Dövri Hesabatı ilə əlaqədar BMT-nin İqtisadi, Sosial və Mədəni Hüquqlar Komitəsinə geniş Paralel Hesabat təqdim edib. Bundan əlavə, İcmanın nümayəndəsi Kamal Cəfərov Komitənin iclasında iştirak edib. İcma sözügedən paralel hesabatında Ermənistanın orada yaşamış azərbaycanlıları qovmaqla Paktı və digər beynəlxalq insan hüquqları konvensiyalarını pozması haqqında məlumat verib və Komitəni insan hüquqları pozuntularını aradan qaldırmaq üçün təcili tədbirlər görməyə çağırmışdı.

Həmidə İBRAHİMLİ