"Biz mütləq yurdlarımıza qayıdacağıq, Ermənistan istəsə belə, bunun qarşısını ala bilməz" - İcma rəhbəri

 14:19 20.10.2023     876

Xəbər verdiyimiz kimi, BMT-nin İqtisadi, Sosial və Mədəni Hüquqlar Komitəsi Ermənistandan Qərbi Azərbaycan İcmasının qaldırdığı məsələlərin icrasını tələb edib.

Belə ki, Qərbi Azərbaycan İcması Ermənistanın İqtisadi, Sosial və Mədəni Hüquqlar Haqqında Beynəlxalq Paktın icrasına dair Dördüncü Dövri Hesabatı ilə əlaqədar BMT-nin İqtisadi, Sosial və Mədəni Hüquqlar Komitəsinə geniş Paralel Hesabat təqdim edib.

Qeyd olunub ki, bu günlərdə Komitə Ermənistanın sözügedən Paktı icra etməsi ilə bağlı yekun qənaət və tövsiyələrini dərc edib. İcmanın qaldırdığı bir çox iradlar, ələlxüsus, Ermənistanın ayrı-seçkiliyə yol verməsi, milli azlıqların hüquqlarını pozması, mədəni hüquqları pozması və Azərbaycan mədəni irsinin qorunması sahəsində öhdəliklərini yerinə yetirməməsi və qaçqınların hüquqları ilə bağlı öhdəliklərinə biganə yanaşması ilə bağlı qaldırdığı məsələlər Komitənin yekun sənədində öz əksini tapıb.

Komitə Ermənistanı milli azlıqlara məxsus və hazırda yox olmaq təhlükəsi ilə üzləşən mədəni və dini abidələrin reyestrini aparmaq, lazımi miqdarda maliyyə vəsaiti ayırmaqla və digər müvafiq tədbirlərlə onları qorumaq üçün tədbirlər görməyə çağırıb. Komitə həmçinin Ermənistanın qanunvericiliyi və praktikasının milli azlıqların və qaçqınların hüquqlarını pozduğunu bildirmiş və Ermənistandan bu sahədə vəziyyəti düzəltmək üçün zəruri tədbirlər görməyi tələb edib.

Əgər Ermənistan bu tələbləri yerinə yetirməsə, bundan sonra hansı addımlar atılmalıdır?

Mövzu ilə bağlı Qərbi Azərbaycan İcmasının sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli Redaktor.az-a danışdı.

O, qeyd etdi ki, Qərbi Azərbaycan İcması Qərbi Azərbaycana Qayıdış Konsepsiyasını kimisə qorxutmaq və ya kiməsə xoş gəlmək üçün qəbul etməyib.

"Biz son 200 ildə saysız-hesabsız haqsızlıqlara məruz qalmış insanlarımızın, xüsusilə son 35 ildə bütün təməl hüquqları pozulan qaçqınlarımızın hüquqlarının təmin olunmasını tələb edirik. Ermənistanın bu tələbləri qəbul etməməsi o demək deyil ki, biz öz tələblərimizdən imtina edəcəyik. Təbii ki, “çıx” deməklə donuz darıdan çıxmaz, Ermənistan son 30 ildə işğal altında saxladığı torpaqlarımızdan da çıxmaq istəmirdi, amma çıxdı, çıxarıldı, həm də elə çıxarıldı ki, hələ uzun müddət bunun təsiri altında olacaqlar. Biz Qərbi Azərbaycan qaçqınları da mütləq öz doğma yurdlarımıza qayıdacağıq. Ermənistan istəsə belə, bunun qarşısını ala bilməz, ağılları olsa, bunu tez edərlər. Biz artıq addım-addım öz hədəfimizə irəliləyirik. Artıq BMT, digər dövlətlər səsimizi eşidir, tələblərimizi səsləndirir. BMT-nin son addımı bir daha bunu təsdiq edir. Ümid edirəm ki, Ermənistan rəhbərliyi bu barədə ciddi düşünəcək və Qərbi Azərbaycan qaçqınlarının dinc yolla doğma ocaqlarına qayıdışı ilə bağlı müraciətlərimizə cavab verərək təcili olaraq bizimlə danışıq masası arxasında əyləşəcək. Çünki bu yolun alternativi yoxdur, biz mütləq evlərimizə qayıdacağıq", - deyə Ə.Ələkbərli bildirdi.

Həmidə İBRAHİMLİ