“Ağıllı kənd konsepsiyası Zəngilanda reallaşıb” - Adil Əliyev

 17:01 20.10.2023     295

Bu günlərdə xalqımız tarixi hadisələrə şahidlik etməyə davam edir. Oktyabrın 15-də Prezident İlham Əliyev tərəfindən Xankəndi şəhərində Azərbaycan bayrağının ucaldılması suverenliyimizin bərpa edilməsinin mühüm rəmzidir. Uzun illər düşmən işğalında qalmış tarixi torpaqlarımız Müzəffər Ali Baş Komandanın rəhbərlik etdiyi rəşadətli Azərbaycan ordusu tərəfindən işğaldan azad edilib. Ərazi bütövlüyümüz bərpa olunub, suverenliyimiz təmin edilib.

20 oktyabr tarixini bizim üçün əlamətdar edən tarixi hadisə, bu günün Zəngilan şəhərinin düşmən işğalından azad olunduğu gün olmasıdır. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərlik etdiyi rəşadətli Ordumuz Zəngilan şəhərini işğaldan azad  etmişdir. Hamımız yaxşı bilirik ki, ermənilər işğal altında saxladığı ərazilərimizi viran qoymuşlar, bütün bina və tikililəri məhv etmişlər. Təəssüf ki, belə vandallıq aktlarından ən çox ziyan çəkmiş rayonlarımızdan biri də Zəngilan olmuşdur.

Ermənistan bu 30 il ərzində yalnız evləri dağıtmaqla, infrastrukturu sıradan çıxarmaqla kifayətlənməmiş, dini və tarixi abidələri tam məhv etmişdir. Üçtərəfli Bəyanat imzalandıqdan dərhal sonra dövlət başçısının rəhbərliyi ilə işğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı abadlıq və quruculuq işlərinə başlanmışdır. Bu gün 3 ildən də qısa müddətdə, işğaldan azad edilmiş digər ərazilərimizdə olduğu kimi Zəngilana da həyat qayıdıb.

Zəngilan rayonunun Ağalı kəndində həyata keçirilən “Ağıllı kənd” layihəsi ağıllı kənd konsepsiyasının reallaşmasının bariz təzahürüdür. 30 il doğma yurd həsrəti çəkmiş zəngilanlılar artıq evlərinə qayıdırlar, Böyük Qayıdış Proqramı uğurla icra edilir. Sevindirici haldır ki, işğaldan azad edilmiş ərazilərdə tikilən 3 Beynəlxalq Hava limanından biri də məhz Zəngilanda yerləşir. Vaxtilə viran edilmiş Zəngilan planlı surətdə  yenidən qurulmaqdadır və bərpa olunduğu bir zamanda artıq Beynəlxalq Şəhərsalma Forumuna ev sahibliyi edir. İşğaldan azad edilmiş digər ərazilərimizlə birlikdə Zəngilanda da müasir infrastruktur qurulur, insanların rahat yaşaması üçün məktəb, bağça, xəstəxanalar tikilir.

Keçmiş məcburi köçkünlərin evlərinə qayıtdıqdan sonrakı məşğulluq məsələləri də dövlətimizin diqqət mərkəzindədir. Onların işlə təmin edilməsi, sahibkarlığa verilən dəstəkdə əsas məqsəd dayanıqlı inkişafa nail olmaqdır. Artıq ölkəmizdə yeni inkişaf mərhələsi başlayıb, Qarabağa və Şərqi Zəngəzura uzun illərdən sonra həyat qayıdıb.

Adil Əliyev,

Milli Məclis sədrinin müavini