"Paşinyan davranışı ilə adama küçə xuliqanlarını xatırladır" - Elman Məmmədovdan SƏRT SÖZLƏR

 18:27 20.10.2023     584

Ermənistanın baş naziri Nikol Paşinyan Avropa İttifaqının (Aİ) vasitəçiliyi əsasında Bakı ilə İrəvan arasında münasibətlərin normallaşdırılması üçün yol xəritəsi hazırlandığını bildirib.

Məsələ ilə bağlı Redaktor.az-a danışan Milli Məclisin deputatı Elman Məmmədov bildirdi ki, Paşinyan öz davranışı ilə adama küçə xuliqanlarını xatırladır.

Onun sözlərinə görə, bu adam hər görüşdə, hər tədbirdə bir fikir söyləyir, ancaq sonra sözünün üstündə durmur, tamam başqa bir hərəkət edir:

"Paşinyan bu dəfəki Avropa Parlamentində çıxışında əsl erməni sifəti göstərirdi. Bu erməni sifəti nədir? Hiylə, biclik, yəni kütlə qarşısında özünü demokrat kimi, sülhsevər kimi, düzgün bir adam kimi ifadə edə-edə danışır. Ancaq bunun əməlləri tamam başqa şeydir. Avropa Parlamentində oturanlar da Paşinyan əqidədədir, onlar da onun kimidir. Görün onlar kimi alqışlayırlar və nəyi alqışlayırlar? Onların qarşısında tam yalan, özünə aid olmayan kimi görsənməyə çalışır, onlar da bunu alqışlayırlar. Həqiqətdə axı bu demokratiyadan uzaq adamdır. Bu doğru danışmaqdan uzaqdır, səmimilikdən uzaqdır.

Onun bütün çıxışları Azərbaycana qarşı şər, böhtan yağdırmaq, Azərbaycanı qəddar düşmən şəklində qələmə vermək, özlərini yazıq, məzlum, sülhsevər qismində göstərməkdir. Bunların tarixi hərəkətləri, yolları belədir. Tarix boyu belə olublar. Bu gün də bunu davam etdirirlər. Axı bu sülh təkliflərini Azərbaycan verib, sülh olması tərəfdarı həmişə Azərbaycan olub. Axı işğalçı Ermənistan olub, soyqırımlar törədən ermənilər olub. Ərazilərimizi 30 ildən çox işğal altında saxlayan Ermənistan olub. Azərbaycan bəlkə kiminsə torpağını işğal edib? Bəlkə Ermənistanın ərazisinə daxil olub, bir metr torpaq işğal edib? Bəlkə Azərbaycan Ermənistan ərazisində vandallıq törədib, soyqırım törədib?

Bunların hamısını ermənilər edib və indi bizim adımıza yazırlar. Kütləvi informasiya vasitələrimiz, televiziyalarımız hamısı sərhəd keçid məntəqəsindən keçən erməniləri sorğu sual edirdilər. Bunların hamısı deyirdi ki, bizimkilər bizə deyiblər ki, çıxın gedin. Bu sanki təşkil olunmuş bir kampaniya idi. Dinc insanlara qarşı müharibəni ermənilər törədiblər, dinc insanları ermənilər öldürüblər. Azərbaycan nə 44 günlük müharibə dövründə, nə ayın 19-20-də olan antiterror əməliyyatında bir nəfər dinc insanın burnunu qanatmadı. Bir mülki əhaliyə ziyan vermədi. Ermənilər elədiklərini indi bizim adımıza yazırlar".

Deputat onu da qeyd etdi ki, tarix boyu müstəmləkəçilik, işğalla məşğul olmuş, soyqırımlar törətmiş avropalılar ayağa durub bu cəllada, bu qan içənə, bu avantüristə əl çalırlar:

"Elə ona görə deyir ki, taylı tayın tapmasa, günü ah-vayla keçər. Elə bunlar bir-birini tamamlayırlar. O ki, qaldı Paşinyanın səmimiyyətinə qətiyyən inanmıram ki, Paşinyan bu dediklərində səmimi olsun. Eyni zamanda indi deyir ki, Avropada yol xəritəsi hazırlanıb. Avropa bu gün sanki Fransanın müstəmləkəsinə çevrilib və Fransa tərəfindən idarə olunur. Avropa Parlamenti də, Avropa İttifaqı da o biri qurumlar da. Makron adında bir təlxək, bir erməni dığası Fransa boyda dövlətə rəhbərlik edir və Avropada elə bil ki, onun diktəsi ilə oturub-durur. Azərbaycana qarşı qəbul olunan bütün qərəzli qətnamələr, qərarlar nə varsa, hamısı Fransanın təhriki ilə olur. İndi bu dəfə də deyilir ki, ayın axırında yenə Avropada görüş olacaq. Mən səmimi deyirəm, o görüşdən Azərbaycan üçün yaxşı heç nə gözləmirəm. Çünki bu görüşdə ermənilər tərəfindən və Avropa İttifaqı tərəfindən nələr qəbul olunacaq, nələr danışılacaqsa, bunlar hamısı Fransanın diktəsi altında hazırlanan ssenari olacaqdır. Ancaq biz görüşdən imtina etmirik.

Görüş üçün həmişə hazırıq, təkliflərimizi vermişik və bizi də verdiyimiz təkliflərdən, yolumuzdan onları döndərə bilməzlər. Biz sözümüzü demişik və istəyirik ki, qonşu dövlətlər arasında sülh olsun. Cənubi Qafqazda sülh olsun, Cənubi Qafqaza kənar, uzaq qüvvələr Avropa, Amerika müdaxilə edib burada vəziyyəti gərginləşdirməsinlər, münaqişə ocağını yenidən alovlandırmasınlar. Biz bunu demişik, deyirik və sözümüzün üstündə də dayanırıq. İndi gözləyək, görək bu görüşdə nə olacaq. Paşinyan yenə əvvəlki kimi özünün o avantüris, fırıldaq hərəkətləri ilə nə deyəcək və nə qərara alınacaq?"

Həmidə İBRAHİMLİ