"O silahlar bu mərhələdə verilməli deyildi" - Fransanın Qafqaz PLANI

 12:13 23.10.2023     364

"Fransanın Ermənistana silah satması məsələsi Ermənistan-Azərbaycan arasında sülh danışıqları prosesinin getdiyi ən kritik zaman ərzində çox böyük problemlərin ortaya çıxmasına şərait yarada bilər. Məlum məsələdir ki, Ermənistan İkinci Qarabağ savaşında məğlub tərəfdir. Azərbaycanın qoyduğu şərtlərin icra edilməsinə indiyə qədər müəyyən mənada razılıq var idi və icra etməyə çalışırdılar. Belə bir vaxtda sülhün tam təmin olunması üçün ciddi addımlar atılırdı".

Bu sözləri Redaktor.az-a açıqlamasında politoloq Samir Hümbətov Fransanın Ermənistanı silahla təminini şərh edərkən deyib.

Onun sözlərinə görə, Fransanın Ermənistana silah verməsi danışıqlar prosesini pozmaqdan irəli gələn plan kimi nəzərdə tutula bilər:

"Fransa bu şəkildə Ermənistana silah satmaqla regionda qalıcı problemlərin formalaşdırılmasının tərəfdarı olduğunu göstərdi. Görünür bölgədə olması Fransanın maraqlarına xidmət etmir. Bu məqsədlə də Fransa Ermənistana kritik zamanda silah satmağa başlayır. Özü də adını da qoyub müdafiə təyinatlı. Amma baxırıq ki, bu, heç də müdafiə təyinatlı deyil. Bunun içərisində hücum təyinatlı silahlar da var. Bununla da həm də Fransa 23 illik ATƏT-in Minsk qrupundakı həmsədrlik dövrünün, həm də ondan sonrakı dövrdə özünü vasitəçi göstərməyə çalışırdı, hamısını sıfıra endirdi. Yəni göstərdi ki, tərəfsiz deyil, açıq şəkildə tərəf tutur və münaqişə tərəflərindən birinə silah satmaqla regionda vəziyyəti maksimum dərəcədə gərginləşdirməyə çalışır".

Politoloq onu da qeyd etdi ki, Fransanın bu mövqeyi təkcə Azərbaycan tərəfindən deyil, beynəlxalq ictimaiyyət tərəfindən göz ardı edilməməlidir:

"Əslində münaqişəni bu cür qızışdıran və belə bir gərgin vəziyyətə gətirib çıxaran tərəflərdən birinin də Fransa olduğunu görmək lazımdır. Biz deyə bilmərik təkcə Fransadır. Əvvəl Rusiya da Ermənistana silah satıb, hətta İkinci Qarabağ savaşında da. Amma sonuncu məsələlər - Fransanın Ermənistana silah satması aşkar göstərdi ki, son mərhələnin tamamlanmasını istəmirlər. İndi burada 2 məqsəd ola bilər. Bir - münaqişənin daimi qalıcığını təmin etməkdir. İki - burada Fransa hökuməti üzərində erməni lobbisinin təsirləri böyükdür.

Görünən odur ki, erməni lobbisi öz maraqlarına xidmət edən aspektdən yanaşaraq Fransa hökumətinə təzyiq edir və həmin silah-sursatı Ermənistana çatdırır. Bunlar çox ciddi məsələdir. Hesab edirəm ki, bu məsələ əslində beynəlxalq ictimaiyyət tərəfindən ciddi şəkildə qınanmalıdır. Hətta Fransaya təzyiq etsələr belə yenə də o silahlar bu mərhələdə verilməli deyildi. Sülh müqaviləsi imzalanandan sonra bu, başqa məsələdir. Artıq hər bir dövlətin silah alışında və satışında hər hansı bir maneə yoxdur. İndiki məqamda bu addımı bir Hindistan, bir də Fransa atdı. Bu da deməkdir ki, bölgədə gərginliyin davam etdirilməsi bu dövlətlər üçün maraqlıdır".

Həmidə İBRAHİMLİ