"Gürcüstanın “3+3” formatına qatılmaması, heç bir halda qələmə verməyə çalışdığı kimi deyil" - Politoloq

 16:35 23.10.2023     416

Xəbər verdiyimiz kimi, bu gün İranın paytaxtı Tehranda “3+3” regional formatı (Azərbaycan, Ermənistan, Gürcüstan, İran, Rusiya, Türkiyə) çərçivəsində xarici işlər nazirlərinin görüşü keçiriləcək.

Qeyd edək ki, Gürcüstan Xarici İşlər Nazirliyi rəsmi Tiflisin Tehranda “3+3” regional formatında keçiriləcək görüşdə iştirak etməyəcəyini təsdiqləyib. Elə ilk dəfə də “3+3” formatında görüş ötən il Gürcüstanın iştirakı olmadan Moskvada baş tutub.

Tehran görüşündə siyasi, iqtisadi, təhlükəsizlik, nəqliyyat, enerji sahələrində regional əməkdaşlıq məsələləri müzakirə ediləcək.

Baş tutacaq görüşdən gözləntilər və Gürcüstanın artıq növbəti dəfə bu görüşdən imtinası haqqında Redaktor.az-a danışan politoloq Yeganə Hacıyeva dedi ki, "3+3" formatı regionda sülhün sabilliyin ətrafında formalaşdırılaacaq iqtisadi platforma kimi nəzərdə tutulur:

"Ümumilikdə region üçün  bir neçə iqtisadi formatlar xarakterikdir və bu əsasən üçlü formatlar - region ölkələri və qonşu ölkələr formatındadır. Amma hamının maraqlarının təmin olunması cəmi bir format nəzərdə tutulur, bu "3+3" formatdır ki, ümumilikdə regionun imkanlarını həm genişləndirəcək, həm region ölkələrinin iqtisadi vəziyyətini çox yaxşılaşdıracaq, həm də regionu ümumilikdə daha şəffaf edəcək bir iqtisadi platforma kimi nəzərdə tutulur.
Baş tutacağı halda həmçinin regionda hər hansı bir ölkənin təhrik və istifadə olunması ilə və regionda yeni şərtlər formalaşdırmağa çalışan kənar qüvvələr üçün bir qapıları bağlayacaq. Amma məsələ ondadır ki, 44 günlük Vətən müharibəsindən sonra bir neçə ölkə üçün "3+3" formatında özünün iştirakını, daha sərfəli şərtlər əldə etmək istiqamətində həmişə iştirak etmirmiş kimi göstərir. İlk olaraq bunu İran başladı və iştirak etmək istəmir kimi mesajlarını verdi. Ardınca Azərbaycan tərəfi İrana bu ölkə üçün maraqlı ola biləcək və ən əsası sərhədyanı əlaqələri daha da genişləndirəcək iki layihə təqdim etdi. Sonrakı mərhələdə İran öz fərqində oldu ki, İranın iştirakı olmadan digər ölkələr çox böyük məmnuniyyətlə burada iştirak etdiyi halda, özü prosesdən kənarda qalır və o üzdən də məntiqi olaraq qərar verərək bu prosesə qoşuldu".

Politoloq vurğuladı ki, 2021-ci ildən başlayaraq Gürcüstan fərqli mövqe ortaya qoyur:

"Məsələn, Gürcüstanın fərqli mövqe təşəbbüsləri heç bir halda qələmə verməyə çalışdığı kimi, Rusiyanın rolu ilə bağlı deyil. Burada məsələ ondadır ki, 2021-ci il üçün "3+3" formatı çərçivəsində məhz regional layihələrdə iştirak edəcək Gürcüstan bu formatın Rusiyanın regionda iştirakını və Rusiyanın maraqlarını daha möhkəmləndirdiyi adı altında boyun qaçırır.
Amma bu, səmimi izah deyil, çünki elə həmin il üçün Gürcüstanla Rusiya arasında ticari dövriyyənin məbləği bir milyard dolları keçmişdi. Bu məbləğ 2020-ci ilin göstəricilərinə görə 320 milyon artıq idi. Bu o deməkdir ki, əgər doğrudan da göstərildiyi kimi Gürcüstan Rusiyanın qüvvələrinin rolunun artmasından narahat idisə, Gürcüstan özü ikilikdə ticari münasibətləri genişləndirməməli idi. Tehran görüşündə də Gürcüstan iştirak etmədiyini elan edib. Gürcüstanın davranışı və beynəlxalq münasibətlərdə, regional münasibətlərdə adət etdiyi vərdişi ilə bağlıdır. Nə vaxt ki, həlledici strateji hadisələr olub, Gürcüstan stulunu kənara çəkib və daha çox imtiyaz istəyib. Xatırlayırıq ki, ulu öndər Heydər Əliyevin iştirakı ilə Gürcüstan prezidenti və millət vəkillərinin iştirak etdiyi bir tarixi iclasda da, imtiyazlar əldə etdikdən sonra ticari sazişi ratifikasiya etmişdilər. İndi də Gürcüstan stulu kənara çəkərək daha artıq imtiyaz istəyir. Bunun ancaq fərqli bir izahı da olmuş ola bilər. Çünki Gürcüstan regionda sülh və stabilliyin formalaşmadığı illərdə, yəni keçmiş Dağlıq Qarabağ konflikti olduğu dövrlərdə hər iki ölkə ilə xoş münasibətlərdə olduğu üçün həmişə daha üstün vəziyyətdə idi. 

Əslində 44 günlük Vətən müharibəsi Gürcüstanın bu regionda üstün cəhətini, iqtisadi imkanlarını qismən kiçiltdi. Daha sonrakı mərhələlərdə istər danışıqlarda, istər iqtisadi layihələrdə, Gürcüstanın ümumi prosesdən kənar açıqlamaları, çıxışları, təşəbbüsləri məhz bununla bağlıdır. İndi də Gürcüstan hesab edir ki, istər Türkiyə ilə münasibətdə, istər Azərbaycan ərazisindən istifadə olunmasıyla, İranla münasibətdə daha üstün şərtlər ona verilməlidir. Yəni bu dövlət belə hesab edir ki, həmişə ona artıq nə isə vermək lazımdır. Onu qeyd edim ki, bu müasir dövrün Gürcüstan davranışı deyil. Bu, Gürcüstanın XX əsrin əvvəllərindən davranışıdır və həmişə də Cənubi Qafqazda möhkəmlənmək istəyən qüvvələr Gürcüstanın bu "təşəbbüslər"ini səxavətlə mükafatlandırıblar. Gürcüstan istədiyini həmişə alıb", - deyə Yeganə Hacıyeva vurğuladı.

Humay İSGƏNDƏRLİ