"Kimsə bizə hansısa yeni tələblə çıxış edirsə, bunlar onların xülyasıdır" - Fikrət Sadıxov

 17:16 23.10.2023     441

Ermənistan xarici işlər nazirinin müavini Vahan Kostanyan bildirib ki, Ermənistan Azərbaycandan sülh müqaviləsi ilə bağlı daha bir təklif paketi alıb. Müqavilə isə Qranada prinsiplərini əks etdirməlidir. Azərbaycan isə bildiyimiz kimi, Qranada görüşündən imtina edib.

Niyyəti bəlli olmayan Ermənistanla sülh sazişi imzalanacaqmı? Azərbaycan Qarabağda sülhün bərqərar olması üçün hansı addımları atmalıdır?

Məsələ ilə bağlı Redaktor.az-a danışan politoloq, diplomat Fikrət Sadıxov bildirdi ki, biz Qranada görüşündə iştirak etmədik və mövqeyimiz də kifayət qədər əsaslı oldu.

Onun sözlərinə görə, onlar yaxşı başa düşürlər və  bilirlər ki, biz onu niyə etdik:

"Bizim təkliflərimiz, elə düşünürəm ki, eyni təkliflərdir. Biz bu təklifləri hələ müharibə qurtarandan sonra Ermənistana vermişdik. Orada konkret prinsiplər öz əksini tapıb. Bir sıra məsələlər artıq həll olunub. Biz onu həll etmişik. Torpaqlarımız tam azad olunub. Biz Xankəndiyə girmişik, qeyri-qanuni dəstələri tərksilah etmişik. Amma kommunikasiya məsələsi var. Burada Zəngəzur dəhlizi var. Zəngəzur dəhlizi açılmalıdır və vaxtilə 20 noyabr 2020-ci ildə Ermənistan bunu öz öhdəlik kimi boynuna götürüb. Bunu yerinə yetirməlidir. Və əslində əsas məsələ hazırda budur.

Əgər kimsə bizə hansısa yeni bir tələblə qarşı çıxış edirsə ki, guya kimisə biz qaytarmalıyıq, qaçan erməniləri qaytarmalıyıq, onlara nə bilim yalvarmalıyıq ki, qayıtsın və yaxud həbs olunan separatçıları azad etməliyik. Bunlar hamısı onların xülyasıdır və biz o tələbləri heç vaxt yerinə yetirməyəcəyik. Bu, düşünürəm bizim qəti mövqeyimizdir və bu mövqeyimiz əsasında biz öz diplomatik addımlarımızı da atacağıq. O ki, qaldı Qranada görüşünə, hansısa sənədin qəbul olunması və yaxud bəyanatın qəbul olunması tamamilə bizə aid deyil. Yəni özləri bilərlər, onların öz işləridir və onlar bizə bunu yürütməsinlər".

Həmidə İBRAHİMLİ