"Yaxşı bilirlər ki, sovet dövründən qalan xəritələr Rusiyadadır" - Lavrov

 22:24 23.10.2023     693

Azərbaycan və Ermənistan arasında münaqişə böyük ölçüdə həll olunub, indi tərəflərə münasibətlərin tam şəkildə normallaşması üçün növbəti əməli addımlar atılmalıdır.

Redaktor.az TASS-a istinadla xəbər verir ki, bunu jurnalistlərə Rusiyanın xarici işlər naziri Sergey Lavrov Cənubi Qafqaz üzrə “3+3” formatında nazirlərin görüşündən sonra deyib.

"Münaqişə əsasən həll olunub. Hər iki tərəf Qarabağın Azərbaycana məxsus olması barədə razılığa gəliblər və bu, əsas həll olunmamış problemdir" - deyə nazir yekunlaşdırıb:

"İndi, əlbəttə ki, Rusiya, Azərbaycan və Ermənistan prezidentlərinin görüşlərində hamının razılaşdığı kimi, münasibətlərin tam normallaşdırılması, ilk növbədə, sülh müqaviləsinin hazırlanması, sərhədlərin delimitasiyası və nəqliyyat-iqtisadi əlaqələrinin heç bir maneə olmadan qurulması üçün əməli addımlar qalır".

Rusiya XİN rəhbəri Ermənistan-Azərbaycan münasibətlərinin bu aspektlərinin 3+3 formatında birbaşa müzakirə olunmamasına da aydınlıq gətirib: “Artıq dediyim kimi, bunun üçün tərəflər arasında razılaşdırılmış başqa kanallar da var. Rusiya isə bütün bu proseslərlə bağlı əlaqələndirici rol oynayır”.

Bununla belə, Lavrovun sözlərinə görə, 3+3 formatlı platformanın özü müsbət tendensiyaların inkişafına, bütün regionun davamlı inkişafı üçün şərait yaradılmasına həsr olunub və buna görə də, əlbəttə ki, Azərbaycan və Ermənistan arasında münasibətlərdə qalan məsələlərin həllinə obyektiv kömək edir. 

Lavrovun sözlərinə görə, Brüssel və Vaşinqton Ermənistanla Azərbaycan arasında sərhədin delimitasiyası prosesinə sızmağa cəhd etməkdə davam edir. “Son bir il ərzində ilk növbədə Avropa İttifaqı və müəyyən dərəcədə ABŞ-dan Ermənistanla Azərbaycan arasındakı sərhədin delimitasiyası prosesinə sızmağa cəhdlər olub, onlar davam edir” - Rusiya diplomatik departamentinin rəhbəri bildirib.

"Biz həm ermənilərin, həm də azərbaycanlıların faydalı hesab etdiyi hər hansı təmasların əleyhinə deyilik”, - o vurğulayıb.

Nazir həmçinin xatırladıb ki, Moskva, Bakı və İrəvan arasında ayrıca saziş Azərbaycan-Ermənistan sərhədinin delimitasiyası məsələsinə həsr olunub. "Onlar - ermənilər və azərbaycanlılar delimitasiya komissiyası yaratmaq barədə razılığa gəliblər ki, onun işində onların razılığı ilə Rusiya tərəfi məsləhətçi qismində iştirak edəcək. Təəssüf ki, bu komissiya kifayət qədər uzun müddət ərzində iclas keçirməyib", - o əlavə edib.

Lavrov bildirib ki, Moskva Azərbaycan və Ermənistan arasında sərhədin delimitasiyası prosesinin başlanmasına faktiki kömək etməyə hazırdır.

“Bütün ekspertlər yaxşı bilirlər ki, Ermənistanla Azərbaycan arasında sərhədin delimitasiyası ilə bağlı müzakirə və razılıq əldə etmək üçün lazım olan hər şey, o cümlədən, ilk növbədə, sovet dövründən qalan xəritələr Rusiya Federasiyasındadır. Tərəfdaşlar bunu başa düşürlər. Biz çalışmırıq ki, bundan böyük problem yaradaq. Qoy onlar arzu edirlərsə, Brüsseldə şanslarını sınasınlar, lakin biz real delimitasiyaya başlamaqda həqiqətən kömək etməyə həmişə hazırıq", - Rusiya diplomatik xidmətinin rəhbəri bildirib.

Turan İSMAYIL