"Bir az da dərinə getsək, 1903-cü il xəritələri var" - Lavrovun xəritə açıqlamasına REAKSİYA

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Cənubi Qafqaz üzrə “3+3” formatında nazirlərin görüşündən sonra Ermənistanla Azərbaycan arasında sərhədin delimitasiyası ilə bağlı fikirlər səsləndirib.
Nazir qeyd edib ki, Ermənistanla Azərbaycan arasında sərhədin delimitasiyası ilə bağlı müzakirə və razılıq əldə etmək üçün lazım olan hər şey, o cümlədən, ilk növbədə, sovet dövründən qalan xəritələr Rusiya Federasiyasındadır.
Maraqlıdır, Lavrov burada hansı xəritələri nəzərdə tutur?
Məsələ ilə bağlı Redaktor.az-a danışan Milli Məclisin deputatı Ceyhun Məmmədov qeyd etdi ki, həm Azərbaycan tərəfindən, həm də Ermənistan tərəfindən müəyyən müzakirələrin aparılması üçün dövlətlər səviyyəsində bir komissiya yaradılmışdı.
Onun sözlərinə görə, amma Ermənistan sonrakı dövrdə bu danışıqlara əməl eləmədi və başqa məsələləri ortaya atmağa, yeni müharibə istiqamətində addımlar atmağa başladı və o zaman artıq, bu proseslər arxa planda qaldı.
"Əslində biz müəyyən bir məsafəni qət etmişdik. Baş nazirlərin müavinləri səviyyəsində komissiya da fəaliyyət göstərirdi. Amma burada Ermənistan tərəfi prosesdə daha çox pozuculuğa üstünlük verdi və bu məsələ arxa plana keçdi. Ermənistan daha çox müharibə barədə danışmağa başladı. Yəni burada Lavrov bu məsələni qaldırdı. Söhbət dəqiq hansı xəritələrdən gedir, Lavrov nəyi nəzərdə tutur, onu Rusiya tərəfi daha dəqiq bilər. Amma bizdə bilirsiniz ki, əvvəlki dövrdə müzakirə olunan, yəni 1975-ci ildəki xəritələrlə bağlı fikirlər var idi. Həmin xəritələrdə də bütün məsələlər əksini tapıb. Amma indi eyni zamanda bizim əlimizdə bilirsiniz ki, 1921-ci il, bir az da dərinə getsək, 1903-cü il xəritələri var. Hansı ki, bu xəritələrdə vəziyyət tamam fərqlidir. Amma mənim ehtimalım odur ki, Lavrovun nəzərdə tutduğu sovet dövründə son aparılan və hazırlanan delimitasiyadan söhbət gedir. Yəni Lavrov bunu nəzərdə tuturdu, çünki orada o eyni zamanda Ermənistana mesaj verirdi. Azərbaycan bu məsələlərlə bağlı öz mövqeyini dəfələrlə bildirib. Artıq məsuliyyət Ermənistanın üzərinə düşür və Ermənistan artıq bu prosesə başlamalıdır. Düşünürəm ki, həmin xəritə əsasında da biz müəyyən bir məsafəni qət edə bilərik. Azərbaycan əvvəlki dövrdə bu istiqamətdə danışıqların aparılmasına öz razılığını vermişdi", - deyə C.Məmmədov qeyd etdi.
Həmidə İBRAHİMLİ