"Bu, Azərbaycan və Ermənistanın birlikdə həll edəcəyi məsələdir" - Deputatdan Lavrova ETİRAZ

 16:57 24.10.2023     474

Xəbər verdiyimiz kimi, ötən gün İranın paytaxtı Tehranda “3+3” regional formatı (Azərbaycan, Ermənistan, Gürcüstan, İran, Rusiya, Türkiyə) çərçivəsində xarici işlər nazirlərinin görüşü keçirildi.

Görüşdən sonra jurnalistlərə açıqlama verən Rusiyanın xarici işlər naziri Sergey Lavrov Azərbaycan və Ermənistana qarşı atmacalı fikirlər səsləndirib.

“Bütün ekspertlər yaxşı bilirlər ki, Ermənistanla Azərbaycan arasında sərhədin delimitasiyası ilə bağlı müzakirə və razılıq əldə etmək üçün lazım olan hər şey, o cümlədən, ilk növbədə, sovet dövründən qalan xəritələr Rusiya Federasiyasındadır. Tərəfdaşlar bunu başa düşürlər. Biz çalışmırıq ki, bundan böyük problem yaradaq. Qoy onlar arzu edirlərsə, Brüsseldə şanslarını sınasınlar, lakin biz real delimitasiyaya başlamaqda həqiqətən kömək etməyə həmişə hazırıq", - Rusiya diplomatik xidmətinin rəhbəri bildirib.

Mövzu ilə bağlı Redaktor.az-a danışan Milli Məclisin deputatı Aydın Mirzəzadə dedi ki, bu cür yanaşma kökündən səhvdir:

"Azərbaycan və Ermənistan münasibətləri ancaq bu iki ölkədən asılıdır. Digər ölkələr yalnız vasitəçi ola bilər. Amma hansısa ölkəylə münasibətimizi düzəltmək üçün qonşu ölkədən nə icazə almalıyıq, nə də onların məsləhətlərinə ehtiyacımız yoxdur. Azərbaycan öz ərazi bütövlüyünü beynəlxalq hüquq normalarına uyğun olaraq və BMT tərəfindən tanınan sərhədlərinə uyğun olaraq təmin edib. O ki, qaldı ərazimizin hansı xəritə ilə müəyyənləşməsinə, bu, Azərbaycan və Ermənistanın birlikdə həll edəcəyi məsələdir. Çünki Ermənistan vaxtaşırı Azərbaycan ərazisini hissə-hissə öz ərazisinə birləşdirib. 1991-ci ilə qədər Ermənistan öz ərazisini Azərbaycan hesabına genişləndirib. Bu məsələlər sülh müqaviləsi imzalandıqdan sonra delimitasiya komissiyasının işində araşdırılacaq".

Humay İSGƏNDƏRLİ