"Sovet dövrünün xəritəsini süngü ilə qarşılamaq olmaz" - Deputat: "Anklavlarla bağlı optimal bir model tapıla bilər"

 10:28 25.10.2023     350

"Reallıq ondan ibarətdir ki, biz vahid bir siyasi məkanda, Sovetlər Birliyində yaşadığımız üçün, həmin xəritələrin özünü Sovetlər Birliyinin varisi elan edən Rusiyada olması çox təbiidir".

Bu sözləri Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Azərbaycan-Ermənistan sərhədinin delimitasiyası ilə bağlı sovet dövründən qalan xəritələrin Rusiyada olması barədə açıqlamasını Redaktor.az-a şərh edən Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc dedi.

O bildirdi ki, Sovetlər Birliyindən əvvəlki dövrdə, yəni Rusiya imperiyası zamanında bir neçə çarları dəyişdikləri şəraitdə belə, onların hər birini quberniyalar və fəqrli adlarla adlandırsalar da Gürcüstan, Azərbaycan və Ermənistanın daxil olduğu arealda onlar müxtəlif xəritələr tərtib ediblər:

"Bu, müəyyən tarix kitablarında da qorunub saxlanılır. Amma dövlətlərin var olması onun, Millətlər Liqasında özünü tanıtması, pasportlaşması və sonrakı dövrdə BMT-yə bu mənada varisliyin ötürülməsi və bu gün beynəlxalq aləm tərəfindən qəbullanma, dediyimiz kimi müxtəlif mərhələlərdən keçib. Amma ideal münasibətlərə malik olan ölkələr arasında da delimitasiya məsələsində demarkalaşma, markalanma, nişanlanma və xəttin çəkilməsi durumunda problemlər kifayət qədər çoxdur. Yalnız Orta Asiya, yalnız keçmiş sovet məkanı bu cü durumda deyil. İndi bilirsiniz ki, Azərbaycan Gürcüstanla çox yaxşı münasibətlərdədir. Ötən 10 illər ərzində onlar ölkəmizin bu qərarlarını müsbət dəyərləndiriblər. Keşikçi məbədi ətrafında promlemlər uzun illərdir ki, qalır və gürcü millətçi dairələri bu problemi önə daşıyırlar. Bəzən xarici maraqlar tələb edəndə informasiya məkanına mövzu fəal şəkildə gəlir və siyasi gündəliyi zəbt edir. Ona görə də Lavrovun deməsi ki, bu xəritələr bizdədir və maraqlıyıq ki, proses müəyyən qədər start götürsün, amma reallıq ondan ibarətdir ki, Brüssel elə bir xəritəyə malikdir. Qərb dairələri özlərini, xüsusilə də parlament, media və diplomatiya müstəvisində son dərəcə riyakar aparır. Mənim ötən gün parlament çıxışım məhz bu məsələlər haqqında oldu. Azərbayca-NATO parlamentlərarası münasibətlər sistemində uzun illər mən təmsil olunmuşam və Şimali Avroatlantik məkana inteqrasiyanın tərəfdarı kimi çıxış etmişik".

Deputatın sözlərinə görə, axı 90-cı illərin əvvəlində illuziyalarımız vardı ki, Qərb özünün demokratik ənənələrinə bizi qovuşdurubsa, regionun təhlükəsizliyini qoruyacaq.

"Amma sonra gördük ki, bu qeyd olunan dünyəvi dəyərlər onların sanki imperialist maraqlarının həyata keçirilməsinin alətləridir, vasitələridir, silahıdır və bu çox təhlükəli bir şeydir ki, sən dəyərləri silaha çevirirsən. Ona görə bu gün İspaniya parlamenti Azərbaycanı ittiham edir, Avstriya ilə 10 illər ərzində yaxşı münasibətlərdə olmuşuq, Almaniyanın bu günləri Beynəlxalq münasibətlər üzrə Bundestaqın komitə sədri hazırda İrəvandadır. İndi gəlin belə düşünək, hətta Lavrov reaksiya verməyib, açıqlaması olmayıb. Axı Brüsseldəki münsiflərin bir hissəsi gəliblər, monitorinq missiyasını guya həyata keçirirlər. Göyçə dağlarından Zəngəzur yoluna qədər ərazidə lupayla baxırlar ki, biz bir dənə atəşi necə açacağıq, onu aktlaşdırsınlar ötürsünlər ATƏT-ə. ATƏT də onu daha da tündləşdirsin, böyütsün versin BMT-yə, ordan da bir dənə qətnamə qəbul olunsun. Sonra da NATO qüvvələrini çəkib gəlsin o ərazilərə və orda Türkiyənin, Rusiyanın, İranın və Azərbaycanın əleyhinə bir plastarm yaransın və region daha da qarışsın. Bu günləri biz Qəzzadan danışırıq və deyirik ki, sivilizasiyalar da toqquşur, qlobal güclər də. İndi Qafqazı da axı Qəzzanın durumunda görmək istəyən qüvvələr var. Ona görə də sərhədin çəkilməsi əlbəttə ki, asan deyil. Amma o yerdə ki, razılaşmalar mümkündür, onu etmək olar. Anklav deyilən məsələlərdə də məncə optimal bir model tapıla bilər. Ona görə də Sovetlər Birliyi dövrünün Müdafiə Nazirliyinin yeni hərbi qərargahında olan xəritələri bu günləri müzakirələrdə əsas kimi götürülə biləcəyindən danışanda, ümumi yanaşılıb. Bəs bu xəritələrin çəkilməsində Azərbaycan kartoqrafları iştirak ediblər. Yəni biz bunu deyərkən sovet dövrünün bütün mirasını yalnız bir millətə və dövlətə çıxmalı deyilik. Bizim 300 mindən artıq oğullarımız faşizmə qarşı savaşda iştirak ediblər, həyatlarını itiriblər. Ona görə də o dövrün xəritəsini süngü ilə qarşılamaq olmaz", - deyə Zahid Oruc vurğuladı.

Xatırladaq ki, İranın paytaxtı Tehranda “3+3” regional formatı xarici işlər nazirlərinin görüşündən sonra jurnalistlərə açıqlama verən Rusiya XİN rəhbəri Sergey Lavrov xəritələrlə bağlı danışıb.

“Bütün ekspertlər yaxşı bilirlər ki, Ermənistanla Azərbaycan arasında sərhədin delimitasiyası ilə bağlı müzakirə və razılıq əldə etmək üçün lazım olan hər şey, o cümlədən, ilk növbədə, sovet dövründən qalan xəritələr Rusiya Federasiyasındadır. Tərəfdaşlar bunu başa düşürlər. Biz çalışmırıq ki, bundan böyük problem yaradaq. Qoy onlar arzu edirlərsə, Brüsseldə şanslarını sınasınlar, lakin biz real delimitasiyaya başlamaqda həqiqətən kömək etməyə həmişə hazırıq", - Rusiya diplomatik xidmətinin rəhbəri bildirib.

Humay İSGƏNDƏRLİ