"Ermənistan ərazilərində ikinci Ukrayna cəbhəsi açılır, Rusiya bu oyuna göz yummayacaq" - Tural İsmayılov

 12:12 25.10.2023     431

Məlum olduğu kimi, Ermənistan Xarici İşlər Nazirliyinin məlumatına görə, Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkin Ermənistan Xarici İşlər Nazirliyinə çağırılıb. 

Bildirilib ki, səfirin çağırılmasına səbəb Rusiyanın "Birinci kanal"ında yayımlanan veriliş zamanı Ermənistanın Baş naziri Nikol Paşinyan və digər erməni rəsmilərlə bağlı xoşagəlməz ifadələrin səsləndirilməsidir.

Maraqlıdır, bu hadisə iki ölkə arasında münasibətlərə necə təsir edəcək?

Məsələ lə bağlı Redaktor.az-a danışan politoloq Tural İsmayılov bildirdi ki,  Paşinyanın dövründə sorosçuların Ermənistanda iqtidar kürsüsünü ələ almağı, Ermənistan-Rusiya arasındakı münasibətlərin daha da dalana dirənməsinə səbəb olub.

Onun sözlərinə görə, bu gün açıq şəkildə Ermənistanda anti-Rusiya siyasəti həyata keçirilir və eyni formatda Rusiya da Ermənistanın bu ritorikasına qarşı kifayət qədər kəskin mövqelər nümayiş etdirir:

"Əlbəttə ki, dünən Rusiya dövlət kanalında göstərilən reportajda Ermənistan siyasi rəhbərliyinin açıq aşağılanması və təhqir edilməsi Rusiya-Ermənistan arasındakı siyasi münasibətlərin təkcə pisləşmədiyini, həm də artıq nifrət ideologiyasına çevrildiyini göstərir. Bu, Rusiyanın Ermənistana təzyiqlərinə səbəb olacaq. Artıq Rusiyaya ilkin addım ataraq Ermənistanın verdiyi sürücülük vəsiqələrinin Rusiya ərazisində tanınmaq problemini ortaya qaldırır. Daha sonra mən iqtisadi baxımdan da Rusiyanın Ermənistana ciddi təzyiqlər göstərəcəyini düşünürəm. Çünki Rusiya yaxşı başa düşür ki, bu gün Ermənistan ərazilərində ikinci Ukrayna cəbhəsi açılır və Rusiyanın siyasi hərbi rəhbərliyinin də Rusiyaya qarşı Ermənistan ərazilərində oynanılan bu çirkin  oyuna göz yummayacağını düşünürəm".

Həmidə İBRAHİMLİ