"Rusiya-Ermənistan münasibətləri xeyli gərginləşib"
"Rusiya Ermənistan münasibətləri son zamanlar xeyli gərginləşib. Hətta Rusiyanın müəyyən rəsmiləri tərəfindən də, Ermənistanın ünvanına müəyyən tənqidlər səslənir. Yəni Rusiya ilə əməkdaşlıq platformalarından Ermənistan müəyyən qədər yayınır. Tutaq ki, onların birgə mövcud olduğu Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından Ermənistanın çıxmaq niyyəti var. Ermənistanda olan Rusiya hərbi bazasının Ermənistandan çıxarılması planları var. Bu planlar, niyyətlər isə təbii ki, Rusiyanı qane etmir".
Bu sözləri Redaktor.az-a açıqlmasında siyasi analitik Lətif Şüküroğlu Ermənistanın Rusiyaya nota verməsinə münasibət bildirərkən deyib.
Onun sözlərinə görə, Rusiya Ermənistanda mövcudluğunu saxlamaq istəyir:
"Həm Ermənistana, həm də Cənubi Qafqazın digər respublikalarına müəyyən təsir imkanlarını saxlamaq istəyir. Bu proseslərə təsir edən amillərdən biri də Ermənistanın Qərblə əməkdaşlığa artıq addım-addım irəliləməsidir. Ermənistan özünün gələcəyini Qərblə əməkdaşlıqda görür. Bu da Rusiyanı qıcıqlandırır, Rusiyanı təmin etmir. Çünki Rusiya birbaşa regiona təsir imkanları olan ölkədir. Rusiya daha yaxın məsafədə yerləşən bir ölkədir. Burada özünün maraqları olduğunu açıq şəkildə müəyyən vəziyyətlərdə bildirir. Hətta Rusiya dövlətinin rəhbərləri tərəfindən də müəyyən tədbirlər çərçivəsində Ermənistan tərəfinə çatdırılır. Qaldı ki, bu iki dövlət arasında münasibətlərin normal olmasına, bu, Azərbaycanın da marağındadır. Eyni zamanda, Cənubi Qafqazın digər respublikalarından Gürcüstanın da marağındadır ki, regionda sabitlik, sülh olsun. Regionun həm iqtisadi inkişafına, həm də ümumən regiondaxili sabitliyin uzunmüddətli olmasına şərait yaradar".
L.Şüküroğlu onu da qeyd etdi ki, Ermənistanın Baş naziri Nikol Paşinyanın Avropa Parlamentində çıxışı da Rusiya tərəfini qıcıqlandırdı.
"Bu günlərdə bilirsiniz ki, Ermənistan müdafiə naziri Papikyan Fransada səfərdədir. Bu səfər çərçivəsində Fransa, Ermənistan arasında hərbi əməkdaşlıq məsələləri müzakirə olunur. Artıq Ermənistana hərbi texnika, müəyyən texniki vasitələr verilir. Sonra Qərb ölkələrinin yüksək vəzifəli rəsmi şəxslərinin Ermənistana səfəri, Ermənistan rəsmilərinin daha çox Qərb ölkələrinə səfər etmələri və müəyyən məsələlərdə ölkənin həm siyasi baxımdan, həm hərbi-iqtisadi əməkdaşlıq baxımından Rusiyanın təsir dairəsindən çıxması Moskvanın qəbul etmədiyi şeylərdir. Yəni bütöv Qərbyönümlü siyasət, Qərbə inteqrasiya prosesinin Ermənistanda getdikcə sürətlənməsi nə Rusiyanı, nə də eyni zamanda İranı qane edir. Əsasən də Rusiya bununla bağlı birmənalı etirazlarını bildirir. O cümlədən də Rusiya mətbuatı, Rusiyanın ictimai-siyasi proseslərində müəyyən təsir imkanlarına malik olan şəxsləri də Ermənistanın mövqeyindən narazı olduqlarını açıq ifadə edirlər. Rusiya-Ermənistan münasibətlərində artıq diplomatik şəkildə ifadə olunan narazılıqlar, etirazlar yaxın müddətdə başqa səviyyələrə də keçə bilər. Yəni bu narazılıqlar artıq diplomatik səviyyədən, hansısa siyasi, iqtisadi səviyyədə də ifadə oluna bilər və Ermənistan tərəfinə çatdırıla bilər. Bir daha qeyd edirəm ki, ikitərəfli, birbaşa danışıqlarda Ermənistan-Rusiya rəsmilərinin görüşlərində bəlkə də çatdırılır. Ehtimal var ki, bu, deyilir və çatdırılır. Amma hələ ki, diplomatik şəkildə bu etirazlar ifadə olunur", - deyə siyasi analitik bildirdi.
Həmidə İBRAHİMLİ