"Rusiya Ermənistana nəql etdiyi qazı kəsə bilər" - AÇIQLAMA

 16:49 25.10.2023     473

Bildiyimiz kimi, Rusiya və Ermənistan arasında diplomatik gərginlik yaranıb. 

Maraqlıdır, Ermənsitan Rusiyadan tamamilə qopub, Qərbə yönəldiyi halda Rusiyanın İrəvana qarşı hansı addımları olacaq? Moskva Ermənistana qaz nəqlini dayandırmaqla bu ölkəni cəzalandıra bilərmi?

Mövzu ilə bağlı beynəlxalq məsələlər üzrə mütəxəssis Xəyal Salahov Redaktor.az-a danışdı.

O, bildirdi ki, beynəlxalq münasibətlərdə daimi dostluqlar və düşmənçiliklər yoxdur:

"Ermənistan vaxtı ikən Rusiyanın himayəsi altında idi, onun himayədarlığı ilə də Azərbaycana qarşı terror aktları törədirdi. Yəni Rusiya himayəsi altında öz istədiklərini həyata keçirirdi. Lakin siyasi vəziyyət dəyişdi, ədalət özünü bərpa etmək vaxtına çatdı və Azərbaycan həmin siyasi vəziyyətdən istifadə edərək öz haqqı olan torpaqları geri aldı. Bu da təbii ki, Ermənistanın düzgün olmayan seçimlərindən, addımlarından irəli gəldi. Çünki Ermənistan özü də bildirdi ki, işğal etdiyi torpaqlarda uzun müddət qala bilməyəcək. Bunu torpaqlar azad olunandan sonra onların evlərinin istehkamlarının olmamağından başa düşdük. Çünki onlar bilirdilər ki, bu, daimi formada olmayacaq. Lakin Ermənistanın ən böyük səhvi bu təcavüzü uzunmüddətli saxlamaqda idi. Burada Ermənistanın ən böyük səhvi odur ki, Rusiyadan əlini çəkib Qərbə doğru yönəlir. Təbii ki, burada Amerikanın təsirini görürük. Məsələ ondan ibarətdir ki, Amerika, Ukrayna və Rusiya müharibəsində də Ukraynaya yardımlar edirdi. Amma biz hazırda həmin gərgin vəziyyətdə də Amerikanın yardımlarının əslində Ukraynaya bir xeyri olmadığını gördük. Bu, sadəcə onların təzyiqidir. Mənəvi dəstək olmaq və yaxud da maddi yardım etmək, hər hansı bir müharibəni və yaxud siyasi vəziyyəti düzəldə bilməz. Burada himayədarlıqdan daha çox Rusiya, Türkiyə, Gürcüstan, İran, Azərbaycan və Ermənistanın paralel, balanslı formada siyasət yeritmələrindən söhbət gedə bilərdi".

Ekspert vurğuladı ki, Ermənistanın Amerikaya, Qərbə yaxınlaşması, ABŞ-ın Ermənistanda hərbi təlim keçməsi onu İrandan da uzaqlaşdırır:

"Ermənistanın Qərbə doğru yönəlməsi hazırkı vəziyyətdə onu regionda yalnızlaşdırır və Qərbin ona olan dəstəyi heç bir önəm kəsb etməyəcək. Zamanı gələndə lazım olsa Rusiya Ermənistana nəql etdiyi qazı da kəsə bilər. Təbii ki, bu, iqtisadi məsələlərdir. Dövlətlər arasında siyasi vəziyyət gərgin olduğu halda iqtisadi və yaxud da təhlükəsizlik məsələsində nələrsə baş verə bilir. Amma əsas etibarilə Ermənistan regionda regional olaraq öz siyasətini balanslı aparmalı idi. Qərbə doğru yönəlmək onun üçün məqbul ola bilməz. Çünki onun qonşuları Rusiya, Türkiyə, Azərbaycan, İran və Gürcüstandır".

Humay İSGƏNDƏRLİ