"Ölkəmizin konkret mövqeyi ondan ibarətdir ki, o ərazilər geri qaytarılmalıdır" - Lətif Şüküroğlu

 17:07 25.10.2023     556

"Bu format Azərbaycan və Türkiyə prezidentləri tərəfindən bir ideya kimi irəli sürüldü. Sonra da Cənubi Qafqazda yerləşən üç respublika - Azərbaycan, Gürcüstan, Ermənistan tərəfindən dəstəkləndi. Eyni zamanda da regiona ən yaxın olan böyük dövlətlər tərəfindən Rusiya, Türkiyə və İran tərəfindən dəstəkləndi. Nəyə görə 3+3? Birinci üçlük Cənubi Qafqaz Respublikalarını əhatə edir".

Bu sözləri Redaktor.az-a açıqlamasında siyasi analitik Lətif Şüküroğlu Tehranda baş tutan “3+3” formatı çərçivəsində xarici işlər nazirlərinin görüşünü şərh edərkən dedi.

Onun sözlərinə görə, görüşdə Ermənistan-Azərbaycan münaqişəsinin başa çatması, sülh müqaviləsinin imzalanması, sonra sərhədlərin delimitasiyası ilə bağlı məsələlər müzakirə olunub:

"Sülh müqaviləsinin imzalanması üçün artıq şərait yetişib və imkanlar var. Ermənistan tərəfinin siyasi iradəsi olsa, bu müqavilənin imzalanması bu ilin sonunadək baş tuta bilər. Bu barədə bizim xarici işlər naziri hörmətli Ceyhun Bayramov da faktiki olaraq bu mövqeni səsləndirib ki, sülh müqaviləsinin imzalanması ilə bağlı münbit şərait var. Münbit şərait nədən ibarətdir? Yəni Azərbaycan öz ərazi bütövlüyünü, dövlət suverenliyini tam təmin edib. 1991-ci il də Almatı bəyannaməsində bildirilir ki, hansı sərhədlər daxilində biz və o cümlədən Ermənistan SSRİ-dən çıxmışdıq, Ermənistan tərəfi bizim ərazi bütövlüyümüzü tanıyıb, biz də Ermənistanın ərazi bütövlüyünü tanımışıq. Və bu ölkələrin bir-birinə ərazi iddiaları faktiki bu gün üçün yoxdur. Yəni bu günə qədər sülh müqaviləsinin imzalanmasına mane olan əsas səbəb Ermənistanın Qarabağda danışıqların aparılmasında maneçiliklər törətməsi idi. Danışıqların hansı səviyyədə baş tutmasına razılıq versələr də, Azərbaycana qarşı ərazi iddiaları olduğuna görə, bu danışıqlar sülh prosesi ilə nəticələnə bilmirdi və proses ləngidilirdi. Baxmayaraq ki, həm Brüsseldə, həm Moskvada, Soçidə danışıqlar aparıldı. Bütün bunlara baxmayaraq sülh müqaviləsinin imzalanması ilə bağlı hansısa konkret əməli işlərin görülməsi mümkün deyildi. Eyni zamanda sərhədlərin delimitasiyası ilə bağlı məsələlər gündəmə gəlir. Artıq bu məsələ də faktiki öz həllini tapmalıdır. Azərbaycan tərəfi sərhədlərin delimitasiyası ilə bağlı öz konkret mövqeyini bildirib. Hələ 2020-ci ildə 44 günlük müharibə başa çatdıqdan, üçtərəfli bəyanat imzalandıqdan sonra faktiki Azərbaycan tərəfi sərhədlərin delimitasiyası məsələsi ilə bağlı prosesin başlanmasını təşkil etdi. 2021, 2022-ci ildə müəyyən qədər bu proseslə bağlı hansısa addımlar atıldı. Amma konkret bir iş görülmədi. Yəni komissiyalar yaradıldı, dövlət komissiyalarının tərkibi müəyyənləşdi, hansı xəritələrdən istifadə olunacaq və sair. Burada Rusiya tərəfi də özünün məsləhətçi kimi prosesdə iştirakını irəli sürüb. Buna əslində belə baxanda isə ehtiyac yoxdur. Hər iki dövlət arasında dövlət sərhədlərinin delimitasiyası aparılırsa və dövlətlər bir-birinin ərazi bütövlüyünü tanıyırsa, mənim fikrimcə, Rusiya tərəfinin, ya da digər üçüncü bir ölkənin məsuliyyətinə ehtiyac qalmır. Ancaq Rusiya tərəfinin iştirakına da müəyyən mənada razılaşmaq olar. O şərtlə ki, sərhədlərin delimitasiyası prosesinin aparılmasında həm Azərbaycanın, həm Ermənistan tərəfinin mövqeləri nəzərə alınsın".

Siyasi analitik onu da qeyd etdi ki, ölkəmizin konkret mövqeyi ondan ibarətdir ki, hansı ərazilər Azərbaycana məxsusdur, o ərazilər geri qaytarılmalıdır:

"Söhbət burada, eyni zamanda 8 anklav ərazidən gedir. Azərbaycanın 8 kəndi Ermənistan tərkibində bu gün anklav kimi qalır. Görüşdə əsas müzakirə mövzularından biri Cənubi Qafqaz regionunun inkişafı ilə bağlı gələcək layihələrə şəraitin yaradılması, iqtisadi əlaqələrin qurulması idi. Bunun üçün də əsas məsələlərdən biri təbii ki, kommunikasiyaların açılmasıdır. Azərbaycan dəfələrlə mövqeyini ortaya qoyub, Zəngəzur dəhlizinin açılması ilə bağlı Ermənistan tərəfinə müraciətlər edib, konkret təkliflər ortaya qoyub. Amma bu günə qədər Ermənistan tərəfi bu dəhlizin açılması ilə bağlı  konkret mövqeyini bildirmir. Düzdür, baş nazir səviyyəsində Ermənistan tərəfi bildirib ki, Mehri ərazisindən keçən sovet dövründə də mövcud olmuş dəmiryolunun açılmasına, hansısa bir şose yolun açılmasına razılıq verə bilər. Amma söhbət bir dəmir yolundan, şose yolundan getmir. Söhbət Zəngəzur dəhlizindən gedir ki, bu dəhlizin açılması bütövlükdə, həm Cənubi Qafqaz regionunda iqtisadi inkişafa böyük bir təkan verəcək, eyni zamanda Orta Dəhlizin bir hissəsi olaraq Çindən, gündoğan ölkələrdən başlayaraq Avropaya qədər böyük bir ərazini əhatə edəcək. Burada həm Ermənistan, həm Azərbaycan, həm də regionun digər ölkələri bu layihənin həyata keçirilməsində, Zəngəzur dəhlizinin açılmasına böyük fayda götürəcək. Digər məsələlər də burada çoxtərəfli formatlarda müzakirə olunub, müəyyən razılıqlar əldə olunub. İndi konkret addımların atılması qalır. Bir daha qeyd edirəm ki, konkret addımlarda daha çox bizi maraqlandıran məsələlərdən biri, ən birinci məsələ Ermənistanla sülh sazişinin imzalanması, Zəngəzur dəhlizinin açılması və sərhədlərin delimitasiyasıdır. Bu məsələdə də Ermənistan tərəfinin mövqeyi əgər konkret olacaqsa, siyasi iradə ortaya qoyulacaqsa, Azərbaycan buna üç ilə yaxındır ki, hazırdır. Bu prosesin getməsi bütün regionun, o cümlədən də Cənubi Qafqazla bərabər, onun qonşuları olan Türkiyənin, Rusiyanın, İranın da mənafelərinə uyğundur".

Həmidə İBRAHİMLİ

Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi” mövzusunda dərc olunub.

2