"Rusiya Ermənistanın qopmasına imkan verməyəcək" - Politoloq

 17:41 25.10.2023     834

"Ermənistan Rusiyadan tam ayrıla bilməz, çünki bu gün Ermənistan iqtisadiyyatının 75 faiz dən yuxarı hissəsi Rusiyanın əlindədir".

Bunu Redaktor.az-a Ermənistanla Rusiya arasındakı gərginlikdən danışan politoloq Samir Hümbətov dedi.

O, söylədi ki, Ermənistanın dəmir yolu xəttinin təqribən 80 faizə qədəri Rusiyanın əlindədir:

"Belə olan halda o dövlətin ondan qopması çətin məsələdir, praktiki olaraq mümkün deyil. Eyni zamanda Ermənistan ordusunun daxilində Rusiyaya bağlı qüvvələr var, Daxili İşlər Nazirliyi içərisində də polislər var. Yəni bütün strukturlarında hələ ki, Rusiyanın imkanları kifayət qədər genişdir. Ümumiyyətlə, Rusiyadan qopma prosesinə başlayanda, tam qopmaq istəyəndə artıq Rusiya buna imkan verməyəcək. Ya orada aranı qarışdırmağa çalışacaq ki, hökumətə qarşı bir dirəniş göstərsin, yaxud da, əlində olan rıçaqlardan istifadə edəcək. Ermənistan oradan faktiki olaraq qopmaq istəsə də, Rusiyanın kifayət qədər imkanı var ki, onun dəmiryol şəbəkəsini bloklasın, onun iqtisadiyyatını götürə bilsin. Deyə bilərik ki, Qərb sərmayə qoyacaq. Amma Qərbin sərmayə qoyması üçün Rusiya ordan əlini çəkməlidir. Faktiki olaraq Ermənistandakı əsas zavodlar, fabriklər rusiyalı oliqarxlara məxsusdur. Faktiki görsənən bundan ibarətdir ki, Rusiya əl çəkməyəcək, amma inkişaf etməsinə də imkan verməyəcək. Yəni ölkədə vəziyyəti iflic hala gətirmək üçün bunlardan bir riçaq kimi istifadə edə bilər. Rusiya qaz nəqlini dayandırsa, Ermənistan qazı İrandan almaq istəyər. Amma bu dəfə də Rusiya adminstrativ imkanlara əl ata bilər. Yəni Ermənistana ayrılmaq o qədər asan başa gələ bilməz. Faktiki olaraq Rusiya başa düşür ki, Ermənistanı burada itirməklə, Cənubi Qafqazda dayağını əldən çıxaracaq. Ermənistan Rusiyadan qopursa, o zaman 102-ci bazadan əl çəkməlidir, Rusiyanın bütün hərbi ittifaqlarından çıxmalıdır, gömrük birliyindən çıxmalıdır. Bu da Ermənistan üçün asan məsələ deyil".

Humay İSGƏNDƏRLİ