Ermənistan Rusiyadan imtina edə bilərmi? - Politoloqdan PROQNOZ

 10:50 26.10.2023     511

"İki dövlət arasındakı münasibətlərin kəsilməsi yalnız onlar arasında müharibədən sonra ola bilər".

Bunu Redaktor.az-a açıqlamasında politoloq Zərdüşt Əlizadə son zamanlar Ermənistan və Rusiya arasında gərginləşən siyasi vəziyyəti şərh edərkən bildirdi.

Onun sözlərinə görə, Rusiya-Ermənistan arasında müharibə başlamasını çətin təsəvvürə gətirmək olar:

"İkincisi, belə bir sual vermək lazımdır ki, Qərb Ermənistanı qəbul etməyə hazırdır? İndiki dövrdə Fransa başlayıb Ermənistana silah satmağa. Amma bu o demək deyil ki, qısa bir zamanda bütün Ermənistan ordusu Fransa silahı ilə silahlanacaq. Üstəlik, Rusiyada yaşayan ermənilərə böyük məbləğdə köçürmələr olur, onlar orada işləyirlər, qohumlarına pul göndərirlər. Qərbdən Ermənistana bu qədər pul gələ bilərmi? Nəhayət nə ehtiyac var ki, Ermənistanla Rusiya arasındakı mövcud olan iqtisadi əlaqələr kəsilsin? Keçən il Ermənistanın iqtisadi artımı iki rəqəmli ədədlərlə ifadə olunurdu. Bunun çox sadə səbəbi var. Rusiya şirkətləri var, qazanıb, Ermənistan büdcəsinə vergi verməyə başlayırlar. Bu, birinci səbəb. İkinci səbəb odur ki, Rusiyaya qarşı beynəlxalq iqtisadi cəza tədbirləri tətbiq ediləndən sonra bir çox dövlətlər Rusiyaya açıq şəkildə hansısa malları satmaqdan imtina edəndə, Ermənistan həmin malları alır. Bundan da yaxşı qazanır, 100-ə alır, 150-yə satır. Bu da Ermənistanın iqtisadi artımına gətirir. Ermənistan öz ixracatının böyük hissəsini Rusiyaya göndərir, Rusiya bazarında satır. Ermənistan bütün bunlardan asanlıqla imtina etməz. Hüquqi cəhətdən təsdiqlənmiş iqtisadi əlaqələr də var".

Z.Əlizadə hesab edir ki, Ermənistan-Rusiya münasibətləri birdən-birə kəsilə bilməz.

"Nikol Paşinyan özünü kifayət qədər ötkəm və müstəqil aparır. Ona görə də Paşinyana qarşı rus mətbuatında böhtan, təhqir kampaniyaları təşkil edilir. Bəzi hallarda Azərbaycana, Gürcüstana və Ukraynaya qarşı da belə kampaniyalar olurdu. Fikrimcə, itaətdən çıxan siyasi rəhbərlərə qarşı belə təhqir kampaniyaları təşkil olunur. Əlbəttə ki, nəticə olaraq Ermənistan Rusiyadan asılılığını azaltmağa çalışır", - deyə politoloq əlavə etdi. 

Humay İSGƏNDƏRLİ