"Bu səbəbə görə sülh prosesi axsayır" - Politoloq AÇIQLADI

 13:02 26.10.2023     293

Ermənistanın Baş nazir Nikol Paşinyan “The Wall Street Journal”a müsahibəsində bildirib ki, Bakı ilə yaxın aylarda sülh prosesi istiqamətində nizamlanma nikbin görünür.

Maraqlıdır, Paşinyan bu dəfə həqiqətən sülh müqaviləsinin bağlanmasını istəyirmi?

Məsələ ilə bağlı Redaktor.az-a danışan politoloq Tural Əliyev bildirdi ki, ilk növbədə üç ildir müharibə bitib və biz sülh danışıqlarını davam etdiririk.

Onun sözlərinə görə, sülh müqaviləsinin imzalanması bəzən kontekstdən çıxarılır və düşünülür ki, bu, elə sadəcə imza atmaqdır:

"Xeyr. Sülh müqaviləsinin imzalanmasına qədər bəndlərin yazılması və o bəndlər üzərində razılıqlar olmalıdır. Söhbət sadəcə olaraq bir ərazi bütövlüyünün tanınmasından getmir. Yəni burada kommunikasiyaların açılması, delimitasiya prosesi və hansı ilin xəritələr üzərində sərhədlər müəyyən olunacaq? Bu, tarixi yanaşma olacaq, yoxsa siyasi yanaşma olacaq? Bunların hər birində bəndlər üzərində danışıqlar getməlidir və razılaşdırılmalıdır.

Bir də bir mənfi cəhət var: Azərbaycanla Ermənistan arasında birbaşa, məzmunlu danışıqlar olmadığına görə sülh prosesi axsayır. Çünki hər bir vasitəçi də öz tərəfindən yanaşır. Hər vasitəçi çalışır ki, öz marağını ortaya qoysun. Problem bundan ibarətdir. İndi Paşinyan üç ildir nikbin danışır. Ancaq biz bu nikbinliyin arxasında hansı real və əməli addım görürük? Heç bir.

Kommunikasiyalar açılıbmı? Açılmayıb. Qarabağda qeyri-qanuni silahlı dəstələr çıxarıldımı? Çıxarılmadı. Azərbaycan özü antiterror tədbirləri həyata keçirdi. Bu gün Ermənistan Azərbaycanı etnik təmizləmədə ittiham edir. Bu ritorikasından əl çəkibmi? Çəkməyib. Bir ölkəni etnik təmizləmədə, onu bir vəhşi kimi təqdim edib sorğu ilə sülh müqaviləsi imzalamaq qəribə səslənir. Sülh müqaviləsi də adətən müddət üzərində aparılır.

Mən şəxsən öz düşüncəmi deyirəm ki, Azərbaycana lazım olan müddət və yaxud vaxt deyil. Zatən vaxtı keçib. Olmasın bu ilin axırı olsun tutaq ki, gələn il. Yəni onsuz Azərbaycan öz  bütövlüyünü təmin edib, orda anlaşılmayan və uyğunlaşdırılmayan məsələlər qalıb. Onlar da danışıqlar yoluna davam edir. Bizə lazım olan məzmunlu sülhdür. Yəni hər şeyi əhatə edən bir sülh və yol xəritəsi olmalıdır".

Politoloq onu da qeyd etdi ki, Paşinyan bu günlərdə öz dövlətinin milli maraqlarını Qərb-Rusiya qarşıdurmasına qurban verib:

"Rusiyadan çəkinib yeni sahib axtarışındadır və bu da istər istəməz prosesə mane olur. Ermənistana gələndə Paşinyan özü də, xarici işlər naziri Qərbə gedəndə dərhal qarşılıqlı Azərbaycana qarşı ittihamlar səslənir. Qara kampaniya aparılır. Bu gün Azərbaycanı sanksiyalarla belə təhdid edirlər. Kanada xarici işlər nazirinin dünənki bəyanatında da. Bütün bunlar gözümüzün önündə baş verirsə, bu, sülhə xidmət etmir. Bu baxımdan da Paşinyanın özünü sülhpərvər kimi göstərməyinin arxasında Qərb dairələrində özünü bir demokrat kimi təsdiqlətmək və guya ki, daha çox Ermənistan sülh istəyir, Azərbaycan sülh istəmir. Və yaxud da digər beynəlxalq mediada Azərbaycana qarşı gedən yazılar, əks təbliğat onu göstərir ki, bunlar səmimi deyillər.

Paşinyanın  tez-bazar Qranadada bəyanata imza atmağı, rəqəmlər göstərilməsi düzgün deyil. Çünki rəqəmlər hələ müəyyənləşə bilməz. Ermənistan məğlub olmuş ölkədir. Ermənistan şərt irəli sürüb. 1991-ci il, 1975-ci il xəritəsi. Xəritənin hansı ilini niyə təqdim etməlisən və nəyə əsasən? Hələ sən 30 il işğal edib mənim ərazimi dağıtmısan. Sərvətimi daşımısan. Hələ bundan sonra məhkəmələr getməlidir. Müqavilə imzalananda da kompensasiyalar, kontribusiyaların, reparasiyaların, yəni dəymiş ziyan ödənilməlidir. Ermənistan rəsmi səviyyədə azərbaycanlılara qarşı etnik təmizləmə etdiyinə görə üzr istəməlidir.  Bunlar kiçik bir proses deyil. Sülh müqaviləsi  imzalamaqla bitmir. Dünyada tarixə nəzər salsaq, sülh, böyük bir yol xəritəsidir. Orada o qədər bəndlər var ki, imza atmaqla məsələ bitsəydi elə 2020-ci ilin noyabrında bitərdi. Ona görə bunlar hamısı razılaşdırılmalıdır. Bu şəkildə olarsa, növbəti sülh müqaviləsinin fərq etməz nə zaman olursa olsun, lazım olan nöqtə qoyulmalıdır".

Həmidə İBRAHİMLİ