"Bu yolu İran ərazisindən açırıqsa, Ermənistan uduzacaq" - Diplomat

 15:58 26.10.2023     324

Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "POLITICO"ya müsahibəsində Zəngəzur dəhlizi layihəsi ilə bağlı önəmli açıqlama verib.

"Gündəmimiz yalnız ikitərəfli əlaqələr çərçivəsində nəqliyyat əlaqələrinin və kommunikasiyanın qurulmasından ibarət idi. Layihə bizim üçün cəlbediciliyini itirib - əvəzində biz bunu İranla edə bilərik. Bu məsələ hələ də masa üzərindədir, lakin Ermənistan tərəfi bu prosesdə maraqlı olduğunu göstərməlidir", - deyə o, bildirib.

Mövzu ilə bağlı Redaktor.az-a danışan politoloq, diplomat Fikrət Sadıxov söylədi ki, Ermənistan Zəngəzur dəhlizini çoxdan açılmalı idi:

"Çünki hələ 2020-ci ilin noyabr ayında üçtərəfli bəyannamədə yazılmışdı ki, bütün kommunikasiyalar açılmalıdır. Biz kommunikasiyasıları açdıq, onlar isə indiyə qədər açmırlar. Təbii ki, biz başqa variantlara əl atdıq, onları təhlil edəndən sonra belə qərara gəlindi ki, artıq İran ərazisindən də dəhlizi keçirə bilərik. Əgər Ermənistan bunu bir problem kimi qələmə verirsə, Naxçıvanla yolumuzu mütləq açmalıyıq. Bunu dəfələrlə demişik. Ermənistan da indi fikirləşsin, bu yolu İran ərazisindən açırıqsa, onlar uduzacaq, ya udacaq. Məncə, uducazaq. Çünki Zəngəzur dəhlizindən keçən nəqliyyat vasitələri bir sıra ölkələrə - İrana, Türkiyəyə, Rusiyaya fayda verəcək, eyni zamanda Ermənistana da fayda verə bilərdi. Onlar bu faydadan imtina edirsə, onların öz işləridir. Hazırda Zəngəzur dəhlizinin açılmasından tam mənada imtina etmirik.  Amma aktual olan və bizi qane edən İran ərazisidir. Biz onlarla danışmışıq və "3+3" formatı zaman Tehranda öz mövqeyimizi təsdiq etmişik".

Humay İSGƏNDƏRLİ