"Ermənistanın başqa çıxış yolu yoxdur, acınacaqlı bir vəziyyətdədir" - Deputat

 15:33 27.10.2023     468

Münaqişəyə görə Azərbaycandan Ermənistana qaz və elektrik enerjisinin verilməsinin dayandırılması Ermənistanın qaz və elektrik sistemi üçün sarsıdıcı hadisə oldu. Ümid edirəm ki, regionumuza sülh gələcək və biz o günlərdə olduğu kimi, yenə əməkdaşlıq edib enerji sistemlərimizi şaxələndirə biləcəyik.

Bu sözləri Tbilisi Beynəlxalq İpək Yolu Forumu çərçivəsində Ermənistanın ərazi idarəetmə və infrastruktur nazirinin müavini Akop Vardanyan deyib.

Mövzu ilə bağlı Redaktor.az-a danışan iqtisadçı deputat Aydın Hüseynov dedi ki, Azərbaycan Ermənistana dəfələrlə kommunikasiyaların açılmasını təklif edib:

"Ermənistan illərdir, artıq kapitulyasiya olduğu dövrdən bu prosesi uzadır. Eyni zamanda Zəngəzur dəhlizinin açılmasını manipulyasiya etdilər və müxtəlif səbəblər gətirdilər. Hətta bu öhdəliyini də üzərinə götürmədi. Artıq Ermənistan görür ki, Azərbaycanın İran ərazisi vasitəsilə alternativ bir yolu var. Eyni zamanda Azərbaycanın Qərbə çıxışı var, Bakı- Qars dəmir yolu vasitəsilə Türkiyə çıxışımız var, eləcə də Ərzurumdan Naxçıvana qatar çəkilib. Yəni biz bu şəkildə həm Naxçıvanla, həm Türkiyə ilə, eləcə də Şərq və Qərb arasında böyük bir logistik imkanlarımız mövcuddur. 

Ermənistan bu vəziyyətdə görür ki, Azərbaycanın imkanları daha genişdir, Ermənistanın isə heç bir imkanı yoxdur. Ermənistanın iqtisadiyyatı çox acınacaqlı bir vəziyyətdir. Ermənistanın xarici borcu onun ümumi daxili məhsulunun 70 faizini keçib. Bu həmin ölkənin iqtisadiyyatının böhranda olmasını göstərən bir faktdır. Digər iqtisadi göstəricilərinin dəyərlərini sadalamırıq, çünki heç bir müsbət göstəriciləri yoxdur, eləcə də enerji daşıyıcıları eyni durumdadır. Qazı Rusiyadan alır və münasibətləri son dövrlər məlumdur. Ona görə Ermənistan artıq Azərbaycana qarşı bu addımları atmağa məcburdur və bu, Ermənistana lazımdır. Başqa çıxış yolu yoxdur".

Humay İSGƏNDƏRLİ