"Paşinyan bu qədər iradə tapıb Azərbaycanın baş naziri ilə görüşübsə..."

 15:25 27.10.2023     468

Oktyabrın 27-də Tbilisidə Azərbaycanın Baş naziri Əli Əsədovla Ermənistanın baş naziri Nikol Paşinyan arasında görüş keçirilib.

Bir neçə saat davam edən danışıqların təfərrüatı açıqlanmayıb.

Görüşü Redaktor.az-a şərh edən politoloq Samir Hümbətovun sözlərinə görə, keçirilən bu görüşün əhəmiyyəti ondan ibarətdir ki, artıq Cənubi Qafqaz dövlətləri arasında birbaşa dialoqun qurulması prosesi gedir.

Onun sözlərinə görə, yəni nisbətən postmünaqişə dövründə bu proses getməkdədir:

"Düzdür, bu, elə asan məsələ deyil. Çünki hər iki tərəfə qarşı bu və ya digər formada təxribat addımları atılmaqdadır. Amma hər vəziyyətdə Paşinyan bu qədər iradə tapıb Azərbaycanın baş naziri ilə görüşübsə deməli, hardasa bir irəliyə müsbət addım kimi dəyərləndirilə bilər. Amma bu görüşün nəticəsinin necə olacağı artıq bir az sual altındadır. Yəni ciddi bir nəticə olacağını düşünmürəm. Düzü, kommunikasiyaların açılması ilə bağlı hardasa görürük ki, razılıq ola bilər. Ən azından perspektiv bir danışıq gedə bilər, amma onun tam məntiqi nəticəsi olacağına açığı, inandırıcı yanaşmıram. Amma hər vəziyyətdə danışıqların aparılması müsbətə doğru bir addımdır".

Həmidə İBRAHİMLİ