"Vitali Balasanyan bu şərtlə Azərbaycana təhvil verilə bilər" - Polkovnik

 17:52 27.10.2023     589

Erməni mətbuatının yazdığına görə, Ermənistan İstintaq Komitəsi Qarabağda keçmiş separatçı qurumun rəhbərlərindən olmuş, Xocalı və digər ərazilərdə yüzlərlə azərbaycanlı qanına susamış Vitali Balasanyan barədə cinayət işi açılıb.

Bəs, Qarabağ cinayətlərində günahlandırılan Balasanyan Azərbaycana təhvil verilə bilərmi?

Məsələ ilə bağlı Redaktor.az-a danışan ehtiyatda olan polkovnik Elşad İsayev dedi ki, Balasanyan qanunsuz silah saxlamaqda təqsirləndirilir:

"Rəsmi məlumatlara görə, artıq silahını müvafiq orqanlara təhvil verib. Bu işə görə Balasanyanın üç il müddətinə həbs olunma ehtimalı var. Onun saxlanılması ilə bağlı məsələ yalnız budur. Fikrimcə, Balasanyan, Babayan və digər Qarabağdan qaçmış separatçılar bu gün Ermənistan hakimiyyəti üçün baş ağrısına çevirilib. Balasanyan və digərləri Ermənistan hakimiyyəti üçün faktiki olaraq təhlükə mənbəyidir. Belə ki, Ermənistan müxalifəti bu gün onlardan istifadə edib, ölkədə qarşıdurma yarada bilər. Çünki Qarabağdan qaçan erməniləri onlar bir yerə yığa bilər və təşkilatlandırmaq imkanları var. Bunu Paşinyan və onun komandası çox yaxşı başa düşür. Ona görə də əvvəl onları həbs edəcəklər. Özü də hələlik xırda cinayətlər, sonra xırda cinayətlər iri cinayətlərə çevrəcəklər. Onları zərərsizləşdirmək lazımdır. Bu işin mahiyyəti budur".

Balasanyan və digərlərinin Azərabaycana təhvil verilməsi məsələsinə gəlincə polkovnik dedi ki, bunlar ancaq Ermənistandan kənara çıxanda digər ölkələr tərəfindən saxlanılıb Azərbaycana təhvil verilə bilər:

"Amma Azərbaycana verilmələri gələcəkdə  danışıqlardan asılıdır. Çünki bizim Ermənistana qarşı müəyyən şərtlərimiz var, onların Azərbaycana verilməsi bu şərtlərdən biri ola bilər".

Humay İSGƏNDƏRLİ