Əli Əsədov qazaxıstanlı həmkarına başsağlığı verdi

 13:50 28.10.2023     305

Oktyabrın 28-də Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov Qazaxıstan Respublikasının Baş naziri Əlixan Smailova başsağlığı məktubu göndərib.

Redaktor.az-ın xəbərinə görə, Ə.Əsədov qeyd edib ki, Karaqandada şaxtada baş vermiş qəza nəticəsində çoxsaylı insan tələfatı xəbərini dərin təəssüf hissi ilə qarşılayıb.

Məktubda Qazaxıstanın baş nazirinə, habelə həlak olanların ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verilib.

Qeyd edək ki, bu gün səhər saatlarında Qazaxıstanın Karaqanda vilayətində "ArselorMittalTemirtau" Səhmdar Cəmiyyətinə məxsus şaxtada partlayış olub.

Rəsmi məlumatlara görə, ölən şaxtaçıların sayı 25 nəfərə çatıb, 23 nəfər hələ şaxtadadır.

Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev hadisə yerinə gələrək şaxtaçıların yaxınlarına və doğmalarına başsağlığı verib.

Hadisə ilə əlaqədar cinayət işi açılıb.

Qeyd edək ki, "ArselorMittalTemirtau" şirkəti Hindistan mənşəli Böyük Britaniya vətəndaşı Lakşmi Mittal adlı şəxsə məxsusdur.