"Şüurlara əkilən zərərli toxumlar təkcə Türkiyə və Azərbaycana deyil, elə ermənilərin özünə də zərbə vurur”

 11:08 30.10.2023     515

“Qonşuluq, coğrafiya taledir və əbədi düşmənçilik dünyanı özü boyda Qəzzaya çevirər”.

Redaktor.az xəbər verir ki, bu barədə Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin sədri, deputat Zahid Oruc Bakıda keçirilən "Azərbaycanlılara qarşı nifrət cinayətləri və nifrət nitqinə dair hesabat"ın təqdimatında danışıb.

O, qeyd edib ki, dövlətin ordusu qədər, sülh siyasəti də güclüdür:

“Ona görə də barış kursunu sülh ritorikası müşayiət etməli, tarixi yaddaşı qorumaqla bərabər, sülh mesajlarına, keçmişin Zəfərimizin işığında yeni şərhinə ehtiyacı var. Postmünaqişə dövrü Qələbəmizin erməni xalqı deyil, faşizm, təcavüzkarlıq, işğal və separatizm üzərində qazanıldığını bəyan etməklə regionda sülh savaşını da qazana bilərik. Qonşuluq, coğrafiya taledir və əbədi düşmənçilik dünyanı özü boyda Qəzzaya çevirər.

Ona görə də hər iki dövlətin tanınmış siyasətçiləri, intellektualları, ədibləri, sənət adamları, din xadimlərinin ortaq tədbirləri vasitəsilə cəmiyyətlərarası dialoqu genişləndirmək gərəkdir. Belə platformalarda fəaliyyət göstərən və ortaq müzakirələr aparan ekspertlərin sıralarının genişlənməsi nifrət leksikonunu barış nitqləri ilə əvəz etməyə imkan verər. Hökumət və sivil qurumlar da belə debat və dialoq meydanına şərait yaradarsa, hamının faydasına olar”.

Z.Oruc bildirib ki, Prezident İlham Əliyevin ən böyük qələbəsi Qafqazlarda axan əbədi qanı durdurması, bölgəmizə dincliyi, əmin-amanlığı, mübadiləni, açılımı, bütövlüyü gətirməsi, bir sözlə nifrətə son qoymasıdır.

“Prezidentin missiyası müqəddəsdir!”, - deyə STM rəhbəri vurğulayıb.

Deputatın sözlərinə görə, ictimai təqdimatı olan nifrət cinayətləri və nifrət nitqinin anlayışını verməyə çalışsaq, Avropa Şurasının tərifinə görə, “nifrət nitqi, dözümsüzlüyə əsaslanan irqi nifrəti, ksenofobiyanı, anti-semitizmi və nifrətin digər formalarını yayan, təhrik, təbliğ edən və ya əsaslandıran bütün ifadə formalarıdır:

“Bir millətin digərindən üstünlüyünü iddia edən ari irq iddiasının-faşist ideologiyasının tərkib hissəsi kimi “nifrət nitqi” yalnız tribunlardan, kitablardan, efirdən, mətbu orqanlardan səslənməklə məhdudlanıb qalmır, sonra dağıdıcı qüvvələrin əlində gerçək qırğın aktlarına, qanlı terror əməllərinə və əbədi savaşlara səbəb olur”.

Zahid Oruc bildirib ki, xalqımıza qarşı həyata keçirilən belə nifrət cinayətlərinin ən böyüyü 7 rayonun yer üzündən silinməsidir:

“Əks halda sual olunur: ”bir dövlət özününkü saydığı torpaqlarda əsrlərlə yaradılan maddi-mədəni sərvətləri niyə dağıtsın ki?” Göründüyü kimi, "nifrət nitqləri və cinayətləri" siyasətə çevrilməklə, dövlət idarəçiliyinin ən yüksək səviyyəsinə daşınmaqla təkcə fərdlərə deyil, bütöv xalqlara və regionlara təhlükə gətirir. Gəlin, bir neçə gerçək nümunəyə baxaq. Məsələn, on illər ərzində türk məfhumunu “düşmən” sözünün sinonimi kimi tirajlayanlar məişətdən dövlət səviyyəsinə qədər bir-biri ilə o dildə danışıblar. Əlbəttə, ailə tərbiyəsinin kanonları burada mühüm rol oynayır. Ermənistan Baş nazirinin etirafı ictimai leksikonun və siyasi məfkurənin nə qədər zəhərləndiyini göstərir. Paşinyandan sitat:” mənə “türk nikol” deyirlər. Lakin mən bunu təhqir saymıram”. Göründüyü kimi, şüurlara əkilən zərərli toxumlar təkcə Türkiyə və Azərbaycana deyil, elə ermənilərin özünə də zərbə vurur”.

STM rəhbəri əlavə edib ki, qatı nifrət nümunələrindən biri Robert Koçaryanın beynəlxalq kürsüdən səsləndirdiyi ksenofob, irqçi, şovinist “genetik uyğunsuzluq” bəyanatı idi.

“Barışıq və əmin-amanlığı dəyərsizləşdirən, millətləri biolojiləşdirən, Avropa ailəsinin üzvü olmaq istəyən səhra komandirinin tayfa təfəkkürü göz qabağındadır. Yaxud, beynəlxalq ictimaiyyətdə ziyalı, professor kimi tanınan Giorgi Derlunqyan Civilnet platformasında azərbaycanlıları nəzərdə tutaraq, “onlar kəndçi millətidir, təbii artımları üçüncü dünya ölkələrindəki kimidir”, açıqlaması alim statusundan uzaqdır, çünki elmdə belə bölgülərə yer yoxdur”, - deyə o, bildirib.

Həmidə İBRAHİMLİ